Azərbaycanlının təfəkküründəki borcluluq travması

BLOGS

8/2/20174 min read

Bizim bütün sosial münasibətlərimiz ağa-kölə tabeçilik iyerarxiyası üzərində qurulub və bu da bizim azad şəxsiyyət olmağımıza əngəl yaradır.

Biz doğulan andan bəri borclanmış fərdlərik. Borcluluq təfəkkürü cəmiyyətin primitiv və sonrakı Orta Əsrlər dövrünün məhsulu olaraq, hələ də günlük həyatımızda və sosial münasibətlərimizdəki dəyər kriteriyasını müəyyən eləməkdə mühüm rol oynayır. Bizim borcumuz var – anaya borc, ataya borc, vətənə borc, dövlətə borc, bizə təhsil verən müəllimə (amma verdiyi təhsil müqabilində maaş alan) borc, müdirə borcluluq hissi (halbuki öz əməyinin qarşılığını alsan da belə) tanrıya borc və s.

Həyatımız sanki kreditə alınmış bir əşyanı(bəli, əşya, çünki bu durumda həyatımız adi bir əşyadan fərqlənmir) xatırladır, hansı ki, alınan(doğulan) gündən bəri, bizim borc sayğacımız aktivləşməyə başlayır. Bizim kimliyimizi müəyyən edən borclarımızdır.

Məsələn, sən yaxşı övlad və insan kimliyini əldə etmək üçün valideynlərinin qarşılıqlı razılığı əsasında valideyn olmaq arzusunun bədəli olaraq, səni dünyaya gətirməklə borclandırdıqları borcu ödəməlisən. Sən qələt edərək bu torpaqda doğulub-böyüdüyün üçün də vətən borcunu ödəməlisən, çünki o olmasa, sən yəqin ki, hələ də ananın bətnində qalmışdın, amma bununla bitmir vətən borcunu sən tək hərb ilə deyil, hər gün ödəməyə məhkumsan.

Vətən ikinci anadır, amma sən öz ananın qoynunda bir qarış yerə sığınmaq üçün min bir xərc çəkməlisən, torpaq almalısan, amma, halbuki, müharibədə sən həyatını riskə ataraq döyüşürdün, təbii-sərvətlərindən istifadə edirsən və bunun da borcunu ödəyirsən. Bu məqamda, ikinci ananı(vətəni) birinci ana ilə əvəzləsək, belə qəribə bir hal alınar. Sən ananın südüylə qidalandığın üçün ona aylıq pul verirsən və yaxud o, bir dəftərə qeyd edir və sən gələcəkdə “valideyn borcu” adlı ipoteka kreditini ödəməyə məhkum edilirsən. Bizlər o qədər sözəbaxan, başıaşağı(başıaşağı gəzib-dolanmaq bir dəyər sayılır) fərdlər olaraq formalaşmışıq ki, biz qeyd-şərtsiz, sorğu-sualsız borclarımızı yerinə yetiririk.

Biz, bu həyat bankının xalq olaraq ən yaxşı müştərisiyik.

Bizim bitməyən borclarımızdan, hətta tanrıya da pay düşür. Axı o, əziyyət çəkib bizi yaradıb. Bir düşünün, bizi yaratmasa, görün necə də dəhşətli hal olardı – biz olmazdıq. Görün, necə böyük lütfkarlıq edib tanrı. İndi biz necə onun bu mükafatını qarşılıqsız qoyaq ki ?!

Tanrımız da özümüz kimidir, bir bankın borcalma aparatı (kredit şöbəsi) təki bizi hər dəfəsində operatorları(peyğəmbərləri) vasitəsiylə təhdid edir, əgər borcumuzu qaytarmasaq, məhkəmədə (axirət dünyası) mühakimə edəcəyini, deyir. Əslində, elə bu 3 səmavi din deyildimi bizi borclu təfəkküründə formalaşdırıb, köləlik dünyasına daxil edən ?!

Biz azad şəxsiyyət deyilik, biz orta əsr ibtidai təfəkkürün ağa-kölə münasibətlərindən qurtula bilməyən acizanə qullarıyıq. Bəli, biz quluq və bu həyatdakı ən ali təyinatımız da məhz elə qulluqdur.

Təfəkkürümüzün qulluq(köləlik) qatlarını güzgü kimi əks etdirən dilimizin lüğət tərkibi də bunu aydınlatmaqdadır. Vətənə qulluq,dövlətə qulluq(xatırla: dövlət qulluqçusu statusu), valideynə qulluq, tanrıya qulluq. Mən sizə deyirəm, ey, əziz mötəbər, qulluqda ad çıxarmış xalqım, qul psixologiyası və prinsipləri üzərindən formalaşan fərd azad şəxsiyyət ola bilərmi, ümumən o, bir şəxsiyyət ola bilərmi ?!

Şəxsiyyət olmaq, hələ-hələ azad şəxsiyyət olmaq üçün sənin bütün qulluqlardan, qul təfəkküründən azad olmağın zəruruidir. Sən indi borcları xirtdəyinəcən yığılmış bir həyat bankının müştərisisən. Sənin azadlığın onların əlindədir, çünki sənin öz əlindəkilərini belə, onlar heç zaman sənin əldə etmədiyini anlatdı. Sən, heç zaman bilmədin ki, sən, həqiqətən, bunlara qadirsən,layiqsən.

Sən, əldə etdiyin hər uğurda bir dua yardımı, valideyn borcu, dövlət qulluğu gördün, sənin azadlığın sənin şəxsiyyətinin ruhu idi, amma indi o ruhun çox uzaqlarda, indi sən ruhu ölmüş, zombiyə çevrilmişbir “şəxsiyyətciksən.”