Fanatizm nədir ?
11/11/20162 min read


Sosioloji dəyərlərimizdə baş verə biləcək inkişafın, təkmilləşmənin, təkamülləşmənin qarşısını fanatiklik kəsir.
Bizlər bir dəyərə sarılır, müqəddəsləşdirir, ilahiləşdiririk. Onun üzərində təkmil prosesini aparmaq istəyən şəxsə və ya şəxslərə qarşı müharibə, mübarizə açırıq. Yeganə millətlərdənik ki, öz inkişafımızın önünü öz əlimizlə özümüz kəsirik.
Fanatiklik həqiqəti görməmək daha doğrusu görmək istəməməkdir. Gözümüzə düşən cuzi həqiqət işıqlarına belə göz yummaqdır. Fanatiklik keçmişlərin qandallarını qıraraq, gələcəyin özgürlüklərinə qaçmamaqdır. Fanatizm əxlaqi köhnəlilikdir və əxlaqi köləlikdir. Fanatiklik həqiqətlərə qarşı çıxacaq dərəcədə olan cahillik, əxlaqsızlıq, qeyri-insanilikdir. Fanatizm düşüncə sərhədlənməsidir, standart qəlibləşdirmədir. Fanatlik oturuşmuş qaydalarla, oturuşmuş həyat sürməyə çalışmaqdır. Ancaq nəzərə alsaq ki, ilk insan oturuşmuş qaydalara riayət edən bir əxlaqsız (əxlaq köləsi) olsaydı, yenilikçi olmasaydı, o zaman indi də daşlarla heyvan ovlamaqdaydıq. Fanatizm bütləşdirmədir. Fanatimzin rəngi ağ-qaradır. Fanatiklik susmaqdır, yaşamı dondurmaqdır. Fanatizmin şüarı “yox, olmaz”dır Fanatizmin varlığı həqiqətin yoxluğudur. Fanatizm şüursuz duyğusallıqdır. Fanatizmin əqlin, şüurun, dərrakənin ölümüdür. Fanatizm bəşəriyyətin ilahiləşdirilmiş müqəddəs lənətidir. Fanatizm insanlığın yoxluğudur, insanlığın robotlaşdırılmasıdır. Fanatik cəmiyyət hipnozlaşdırılmış, ekstaz vəziyyətində olan, manipulyasiya edilmiş sadəcə bəlli bir instinklərə, dəyərlərə hə deyən qeyri- iradi, şüursuz kütlədir, sürüdür. Fanatizm azadlığı öldürmək köləliyi diriltməkdir. Fanatizm təbiətə qarşı gəlməkdir, müəyyən bir kütlə tərəfindən yaradılan dəyər konteksləri ilə təbiətin qanunlarına qarşı çıxmaqdır, halbu ki, bizlər təbiətin bir üzvüyük bizim azadlığımız təbiətin qanunlarına riayət edəcək ölçüdədir. Biz təbiətə qarşıçıxarsaq özümüzə qarşı çıxarıq, varlığımıza qarşı çıxarıq və həm də biz bu yaradılmış kodekslərlə təbiətin bəxş etdiyi yaşamaq zərurətini, var olmaq mahiyyətini, inkişaf xüsusiyyətini rədd etməklə öz azadlığımızı öldürmüş oluruq, həm də yaşamamış, inkişaf etməmiş, bəşəriyyəti məhv etmiş. İnsanlığın tarixi yenilikçidir, gerilikçi deyil.
Fanatizm günəşin qürubudur, qaranlıqların doğuşudur. Fanatizm elmsizlikdir.