Hüquqi sanksiyalaşdırmada fərdi məsuliyyətin və ənənəvi cəza metodunun əsassızlığı
BLOGS
5/4/201914 min read


Bildiyiniz kimi, bu gün dünyada hüquqi sanksiyalaşdırma fərdi cəza prinsiplərinə əsaslanır. Burada əsas diqqət edilməsi gərəkən iki söz var: fərdi və cəza prinsipi. Belə ki, bu iki söz məhz bu huquqi prosedurların mahiyyətini açmağımıza, dərk etməyimizə yardım edəcək nəsnələrdir.
Fərdi – yəni şəxsin birbaşa özünün predmet kimi götürülməsi
Cəza – fərdin əvvəlcədən müəyyən edilmiş hüquqi normativlərə zidd olan hərəkətlərə görə əvvəlcədən hesablanmış planlı bədəl ödəməsi
Bu hüquqi sanksiyalaşdırma taməmən zərərli, yanlış məntiq üzərində inşaa edilmişdir. Çünki bu öz-özlüyündə bir çox anlayışlarla ziddiyyətdədir. Birincisi, sosial elmlər insanı təkcə fərdi bir şəxsiyyət kimi xarakterizə etmir, onun həm də (bəlkə də ən əsas hissəsi)sosial varlıq olması əhəmiyyətli və qəti şəkildə qeyd edilir. Çünki bütün elmi-sosioloji araşdırmalar fərdin cəmiyyət içərisində formalaşan və onun bir parçası kimi kolelktiv şüurdan və təsirlərdən təsirlənən bir fenomen olduğunu qeyd edirlər. Hətta Kantın bu haqda məşhur bir deyimi vardır: insanın əxlaqlı olub- olmaması cəmiyyət içində bilinir.
Sosium fərdi necə formalaşdırır ? – sualına qısa cavab verək.
Sosium tarixi bir şüur daşıyıcısı olaraq formalaşma dönəmində olan fərdlərin şüurlarının təməl hissələrini müəyyən edir. Bu tarixi dövrün zərurətlərindən yaranan adətlər, dəyərlər toplusudur. Belə ki, insanın dünyanı dərketməsi üçün şürundakı hazır dəyər-qəlibləri ilə onu mənalandırmağa çalışır və bu mənalandırma məhz bu səbəblərdən dolayı onun özünün müstəqil interpretasiyası olmur.
Sosiumun yaratdığı( yaxud digər formada desək məruz qaldığı) siyasi idarəetmə formaları da fərdin formalaşmasında və şüur konstruksiyasında önəmli rol oynayır. Belə ki, Totalitar və Liberal (iki əks qütb) sistemlərdə formalaşan insanların şüur inkasları tamamən fərqli formada özünü göstərir.
Həmçinin sosiumun malik olduğu iqtisadi modellər də eyni təsiri verməkdədir. Məsələn, işçi tələbatlarının zəruri hal alması qadınların da işləmək hüquqlarına sahib olmaları üçün zəmin hazırladı, yaxud tarixi inkişaf müstəvisində toxa əkinçiliyindən xış əkinçiliyinə keçidin edilməsi fiziki güc tələbindən dolayı qadınları iş həyatında, sonradan yan təsir olaraq cəmiyyət həyatında(onlara yanaşmada) ikinci plana atdı.
Bütün bu izahlar(qısa olsa da) göstərir ki, sosiumun malik olduğu bütün bu faktlar toplusu fərdlərin şəxsiyyət portretlərini müəyyən edən əsas amillərdir. Eləysə, əgər fərd cəmiyyətin bir parçası olaraq onun malik olduğu taleyi, dəyərləri və s bölüşürsə (istəmədən) və onun əsas impulsiv meyillərini kollektiv şüur diqtə edirsə, biz hüquqi prosedurda şəxsi “fərd” kimi necə mühakimə edə bilərik ?
Uşaq ağ kağızdır tezisi- yenə də eyni formada edilən araşdırmalar uşaqların özlüyündə ağ kağız – yaşlıları müəyyən edən spesifik xüsusiyyətə sahib olmadıqlarını əksərən göstərirlər(istisnalı). Belə ki, uşaqlar aldıqları ailə daxili tərbiyə, həmçinin ailənin özünün hansı xüussiyyətlərə, öz daxilində bir-birinə qarşı davranış səviyyəsinin hansı formada olması, sahib olduqları iqtisadi üstünlüklər, yaxud əksliklər, ailənin tam yaxud parçalanmış olması, onun özünün nə cür kollektiv şüurdan(tarixi, sosioloji, politoloji) təsirlənməsi uşağın da formalaşmasında mühüm rol oynayır. Məsələn, yarımçıq ailələr uşaqların şəxsiyyət kimi tam formalaşmasına əngəl törədirlər və uşaq hər zaman yarım şəxsiyyət olaraq qalır. Çünki cinsindən asılı olmayaraq uşağın formalaşması üçün iki cinsin (ana-ata) təsiri (şəxsiyyətin formalaşmasında cins təsirinin balanslaşdırılması üçün)mütləqdir. Belə ki, uşaq dünyanı dərk etməyə öz valideynlərinin baxış bucaqlarından yanaşır, eləysə obyektiv gerçəkliyi(həm cinslərarası, həm ümumi mənzərə olaraq) tam şəkildə görə bilmək, dərk etmək üçün həm atanın(kişinin), həm ananın(qadının) baxış bucağından baxmalıdır. Lakin bir tərəfli baxdığı zaman onun dünyanı dərketməsi də yarımçıq və qərəzli(qeyri-obyektiv) olur. Eynən yüksək iqtisadi gəlirlərə sahib olan ailənin uşaqları tamam başqa cür yetişir (həm mənfilikəri özünəməxsus olur, həm də müsbət olaraq məsələn daha yaxşı təhsil, qidalanma ala bilir).
Bundan əlavə uşağın formalaşmasında ətraf mühit(dost, məktəb və s) amili yüksək dərəcədə öz təsirlərini qoyur. Siz bunu kriminal ərazilərdə böyüyən uşaqlar ilə sabit mühitdə böyüyən uşaqları müqayisə edərək açıq aşkar sezə bilərsiniz. Daha yaxşı təhsil almaq imkanları olan uşaqların şəxsiyyət kimi yetişməsi daha uğurlu olur, çünki onların beyin fəaliyyətlərinin inkişaf etməsi hadisələri daha yaxşı analiz etməyə və ümumi beyin inkişafı nəticəsində daha yaxşı empati qurmağa kömək edir. Məhz bu empati insanın əxlaqlı, vicdanlı olmasını müəyyən edən faktordur ki, hansı ki, bizim mövzuda əsas ana xətt də bunun üzərindədir.
İkinci sual: Əgər biz bu tezisi nəzərə alarsaq o zaman öz iradəsindən və seçimlərindən asılı olmayaraq müxtəlif formalarda yetişən şəxsləri hansı sosioloji əsasla mühakimə edə bilərik ?
Lakin biz yuxarıda uşaq ağ kağızdır tezisini qeyd edərkən həm də mötərizədə istisna sözünü qeyd etdik, eləysə bu istisna olan nədir ? Biz qeyd etdik ki, uşaq yaşlıların sahib olduğu spesifik xüussiyyələrə sahib deyil əksərən, lakin biz uşaqların bir birindən tamamən fərqlənmədiyini deyə bilərikmi ? – Xeyr ! Çünki əgər biz bunu demiş olsaq o zaman elmin təsdiqlədiyi gen-bioloji amil faktorunu tamamən heçə saymış olarıq.
Bioloji amil nədir ? – Belə ki, insanlar doğulduqları andan bəri müəyyən genetik kodları, meyilləri özlərində daşıyırlar və bu genetik kodlar, meyillər onların davranışlarına təsir edir. Genetik kodlardan asılı olaraq uşağın ilkin maraqları( oyun, gəzmək, oyuncaq,qorxu və s) özünü göstərir. Belə ki, digər misal çəksək şəxsin anadangəlmə sahib olduğu hər hansı genetik sapma, zərərli meyil onun irəli yaşamında özünü müxtəlif müstəvilərdə biruzə verir. Demək, genetik müstəvi həm də bizim azad iradə, seçim azadlığı və həmçinin indivudual kimliyimiz üzərinə şübhə salır. Və insanın yalnız özündən (yaşadıqları təcrübələrdən) ibarət olmadığını, həmçinin əvvəlcədən sahib olduğu müəyyən genetik(yapısal) meyillərin olduğunu bizə göstərir.
Bu zaman da yuxarıdakılara anoloji olaraq daha bir sual ortaya çıxır : Üçüncü sual: genetik kodlar bizim azad iradəmizi, seçim azadlığımızı, indivudual kimliyimizi müəyyən edirsə necə olur ki, fərdin davranışları tamamən azad iradə, azad seçim, fərdi kimlik(xüsusiyyət) prizmasından dəyərləndirilərək fərdi hüquqi məsuliyyət yaradır ?
Digər bir mühüm məsələ hüquqi sanksiyalaşdırma ümumi normativlər əsasında tətbiq edilir. Lakin bu da özlüyündə digər ziddiyyətli məqamlara yol açır. Məhz ənənəvi metodların izlənməsi, hüquqi prosedurlarda müasir tendensiyaların(sosial-bioloji elmlərin) nəzərə alınmaması ziddiyyətini yaradır. Məsələn, önəmli məqamlardan biri olaraq qeyd etmək lazımdır ki, subeyktin hadisələrdən təsirlənməsi tamamən fərdi müxtəlifliyə əsaslanır. Belə ki, eyni anoloji hadisə iki müxtəlif fərddə tamamən başqa cür təsiretmə yarada bilər. Məsələn, bəsit bir nümunə çəkək: iki şəxsin eyni formalı, məzmunlu təhqirə məruz qalması, birinin təhqir edənə qarşı ölümcül hücum etməsinə, digərində isə polisə şikayət, yaxud adekvat təhqirlə cavab verməyə yol aça bilər (misal bəsitdir, sadəcə fikri anlamaq üçün verilmişdir). Digər yandan bu təsir genetik meyilin mahiyyətindən və səviyyəsindən(özünü nə dərəcədə davranışlarda dominantlaşdırması) və sosioloji amillərin müxtəlifliyindən asılı olaraq da dəyişə bilir. Bu zaman necə ola bilər ki, biz fərdlərin mühakimə edilməsində ümumi normativlərdən istifadə edək. Bəli, qəbul edilən arqumentdir ki, hər fərdin xüsusui dəyərləndirməsi üçün nə texnoloji inkişaf, nə insan resursu mövcuddur. Ona görə mühakimə prosedurunu optimallaşdırmaq üçün biz bunu tətbiq edirik. Lakin, kontur-arqument budur ki, bizim sahib olmadığımız texnoloji inkişaf və insan resursu və buna görə də optimizasiya etmək ehtiyacımız bizim metodlarımızı obyektivləşdirmir. O zaman biz dördüncü sual olaraq da bu sualı verməli olacağıq: Necə ola bilər ki, subyektiv amillərin mövcud olduğuna baxmayaraq biz ümumi normativləri şəxs üzərində tətbiq edə bilərik ?
Cəzavermə qavramının “Orta Əsrlər” perspektivi
Məqalənin ikinci hissəsinə cəza qavramının özünün yanlış, ənənəvi qavram olmasını izah etməklə başlamaq istəyirəm. Belə ki, bu gün də ənənəyə sadiq qalaraq əksər hüquqi prosedur yanaşmaları(bəzi Avropa ölkələrində artıq cəza qavramıyla bağlı reformlaşdırma aparılmaqdadır )cəzavermə perspektivindədir. Biz tarixi dövrlərə ekskursiya etsək görəcəyik ki, hüquqi sanksiyalaşdırmada cəzavermə qavramı, fəlsəfəsi çox əskilərə dayanır. Bu fəlsəfi yanaşma fərdin realibitasiyasına inanan pozitiv yanaşmadan fərqli olaraq önünə islahetmə və şəxsi cəmiyyətə qazandırma yox, sadəcə deskriptiv yanaşaraq şəxsin etdiyinin əvəzini ödətməyə əsaslanır. Məsələn, tarixən Hammurapi qanunlarında olan dişə-diş qana-qan prinsipi buna əsaslanırdı. Yəni, sırf qisasalmağa yönəlik üsullar istifadə edilmişdir. Məsələn, İslam qaydalarında şəxsin oğurluq etdiyi üçün əlinin kəsilməsi şəxsin sırf qisas alqısıyla cəzalandırılmasıdır ki, burada yuxarıda qeyd etdiyimiz sosioloji-bioloji amillərin heç biri nəzərə alınmır, həmçinin fərdin birbaşa təcrid edilməsinə gətirən cəza metodu onun reabilitasiyasını mümkünsüz edir. Təbii ki, biz bu gündən baxaraq o dönəmin qaydalarını obyektiv olaraq tənqid edə bilmərik, çünki məlumdur ki, o dönəm bu gün sahib olduğumuz sosioloji-bioloji amilin daha yaxşı dərk edilməsi üçün heç bir elmi inkişaf olmamışdır. Ona görə də dövrün elmi-sosiloji tərəqqisi nisbətində onun hüquqi-cəza mexanizmləri olmuşdur.
Reabilitasiya prinsipi – islahetmə perspektivi. Konstruktiv hüquqi prosedur
Cəza qavramının məntiqi mənşəyi haqqında ümumi məlumat verdikdən sonra mövzumuzun sonuncu – həll hissəsinə keçə bilərik. Biz bundan öncəki hissələrdə fərdin cinayətiylə bağlı ənənəvi hüquqi cəza mexanizmlərinin yanlış olması barədə ümumi əsaslandırma etdik. İndi isə bu əsaslandırmaları daha da möhkəmlədəcək və alternativ çözüm yolu olan islahetmə qavramından danışaq. Öncə aydınlaşdıraq, islahetmə perspektivi, reabilitasiya prisnsipi deyərkən biz nəyi nəzərdə tuturuq.
İslahetmə perspektivi, reabilitasiya prisnsipi – fərdin hüquqi normativi pozmasının səbəblərini araşdıraraq həmin səbəblərin aradan qaldırılmasına yönəlik kompleks tədbirlər paketinin tətbiq edilməsidir.
Biz müəyyən etdik ki, fərdin cinayəti əslində heç də ilkin baxışdan anlaşıldığı kimi təkcə fərdin özünün cinayəti deyil. Yəni, bir fərdin cinayəti formasından, məqsədindən, səbəbindən asılı olmayaraq sosial- biloji təsirlənmələri daşıyır. Məsələn, geniş araşdırmalar zamanı seriyalı qatillərin, manyakların, hannibalların ya genetik problemlərinin olması, ya da şəxsiyyət fomalaşması dönəmi məruz qaldığı ciddi travmalar(dışlanma, zorakılıq və s) səbəbiylə bu formada formalaşdığını görə bilərik. Biz ruhi xəstələri etdikləri cinayətə görə həbs etmirik, onları müalicə üçün və müəyyən müddətə tədric olunmaları üçün ruhi xəstəxanalara aparırıq. Bu hal da əslində eyni anolojini özündə əks etdirir. Belə ki, insanın təkcə şizofrenik olması onun əməllərinin özündən qaynaqlanmadığını göstərməz, həmçinin güclü sosioloji təsir də (məs: uşaqlıq dönəmi mütəmadi zorakılıq) eynən onun sağlam şüura sahib olmadığını, gerçəkliyi obyektiv-adekvat dəyərləndirmə potensialının olmamasını göstərər. O zaman biz necə olur ki, bu məsələdə ikili standartlara yol veririk ? Məhz bu bioloji-sosioloji kəşflərə görə biz hüquq sistemimizdə dəyişiklik etməliyik və onu cəzavermədən islahetməyə, dekonstruktiv hüquqi prosedurdan konstruktiv hüquqi prosedura transformasiya etməliyik. Çünki, ənənəvi cəza metodu cinayətlərin önünü almamış, həbs edilən, cəzalanan insan dəfələrlə yenidən cinayət törətmişdir. Çünki nəticə əsaslı heç bir tədbir problemi həll etmək iqtidarında deyil, o sadəcə nəticələri gizləmək iqtidarındadır. Yalnız səbəb əsaslı tədbirlər problemi həll etmək iqtidarındadır.
Məsələn, X adlı şəxs varlı bir şəxsin evinə girərək oğurluq edir, bu zaman biz o şəxsi həbs edərək sadəcə nəticəni gizləmiş olacağıq(yəni fərdi həbs etmiş, məhdudlaşdırmış olacağıq) lakin digər oğurluq halları yenə də davam edəcək, hətta X adlı şəxs yenidən azadlıqda olarkən onun oğurluq etmək ehtimalı heç də istisna deyil və sosial-iqtisadi şərtləri nəzərə alsaq oğurluq etmək ehtimalı hətta çoxdur. Lakin, biz X adlı şəxsi araşdırsaq onun nə üçün oğurluq etdiyini, hansı ehtiyacların onu buna vadar etdiyini araşdırsaq və dövlət olaraq əslində bizim bu oğurluq aktında daha çox məsuliyyət daşıdığımızı qəbul etsək (əgər insanların sosial durumları aşağıdırsa və dövlət buna yönəlik sosial proqramlar, islahatlar aparmırsa günahardır) problemin həlli üçün həqiqi alternativ çözümlər ortaya qoya bilərik. Bu həm X adlı şəxsin, həm də digər X şəxslə eyni durumda olan şəxslərin oğurluqdan uzaq qalmasına kömək edər.
Digər məsələ, X adlı şəxs Y adlı şəxsi xüsusi amansızlıqla qətl etmişdir. Burada da məsələ bir neçə istiqamətdə araşdırılmalıdır:
1) faktiki durumun analizi – şəxslər arasındakı problem qarşı tərəfin hərəkətləri
2)X adlı şəxsin şəxsiyyətini formalaşdıran sosioloji amillərin araşdırılması
3)genetik amillərin araşdırılması
4) 3 araşdırma faktorundan sonra fərdi-subeyktiv islah pespektivinin seçilməsi, müəyyən edilməsi
Bəli, fərdlərin bir birinin həyatına qəsdetmə haqları yoxdur, lakin bir fərdin qarşısındakını qətletmə həddinə gətirəcək halların nəzərə alınması da vacibdir, çünki biz hüquqi müstəvidə də əsas olaraq cəmiyyət təhlükəsiziliyini əsas götürürksə(cəmiyyət perspektivindən yanaşırıqsa), tək qətledən şəxs yox, həmçinin qətl olunan şəxs də qətletməyə təhrik etmə halına görə məsuliyyəti yarı-yarı bölüşdürür (affekt halı olaraq hüquq sistemində bu yanaşmanın rüşeymi olsada təkmilləşməmiş formadadır)
Şəxsin sosioloji amillər nəticəsində ailədaxili, ətraf-mühitdən gələn neqativ hallarla(zorakılqı, stress, əsəb zəifliyi, öznəqapanma, dəyərlər fərqliliyi və s) assosasiya olması da nəzərə alınmalıdır, çünki bu akt şəxsin birbaşa və tam iradəsi altında olmayan səbəblərdən dolayı da baş verə bilər, ən azından burada bu amillərin rolu mütləq şəkildə özünü göstərəcəkdir. Və bu hallar fərdi nümunələrlə ələ alınaraq ümumi cəmiyyət müstəvisində araşdırılmalı və anoloji hallar üzə çıxarılaraq həmən amillərin aradan qaldırılması üçün dövlət xüsusi sosial proqramlar, layihələr hazırlamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin də psixoloji reabilitasiyasına başlanılmalıdır.
Genetik amillər də öz növbəsində fərdi şəxsi iradədən asılı olmayaraq bir çox hallara sürükləyən səbəb kimi nəzərdən keçirilməlidir. Məsələn, X adlı şəxs seriyalı qatil, yaxud manyakdırsa, eynən burada da sosioloji-amillərlə yanaşı, genetik amillərin araşdırılması önəmlidir. Çünki, çoxluq nisbətini nəzərə alsaq məlumdur ki, standart insan bu cür bir akt həyata keçirməz. Odur ki, genetik qüsurların, sapmaların olma ehtimalını ciddi formada nəzərə alaraq analiz aparılmaldır. Burada önəmli bir məsələ elmin inkişafı ilə bağlıdır. Belə ki, müəyyən araşdırmalar müəyyən genlərin insanın davranışlarında hansı formada biruzə verdiyini artıq tapmışdır və bu sahənin – gen mühəndisliyinin inkişafı həm hansı genlərin insan üzərində hansı cür təsir yaratması və zərərli davranışlara səbəb olan genlərə gen mühəndisləri tərəfindən müdaxilənin aparılmasına imkan yaradacaqdır. Bu zaman həmin X adlı şəxsin cəmiyyətə yenidən qayıtması və sağlam şəxs kimi həyatına davam etməsi mümkün olacaq hadisədir. Təbii, gen mühəndisliyinin hal hazır ki səviyyəsi tam inkişaf etmiş olmadığından biz şəxsləri genetik amil baxımından tam reabilitasiya edə bilməyəcəyik, lakin bu müddətə qədər 1) onların sosial-psixoloji amilləri nəzərə alınaraq sosial-psixoloji tədbirləin görülməsini 2) gen mühəndislərinin həmən şəxslərin genetik rekonstruksiyası üçün araşdırmalar etməsini prioritet məsələ kimi davam etdirməliyik. Bu müddət ərzində həmən şəxslərin azadlıqları məhdudlaşdırılmalı(tam, yaxud nisbətən) və reabilitasiya davam etdirilməlidir.
Bütün bu tədbirlər konstruktiv hüquqi prosedur prinsipinə əsaslanır. Və ənənəvi cəzavermə praktikasından fərqli olaraq fundamental məsələ həmən şəxslərin yenidən cəmiyyətə qaytarılması (fərdi, müstəqil iradi seçim olmadığına görə) və cəmiyyətdə bu kimi şəxslərin artmaması, mövcud olmaması, eyni anoloji halların təkrarlanmaması üçün tədbirlər kompleksinin həyata keçirilməsidir. Yəni, problem sistematik həll metoduna, məqsədinə əsaslanır.
Və nəticə olaraq fundamental ümumi əsas kimi iki tezis götürülməlidir: 1) fərdin cinayətində məsuliyyəti cəmiyyət də bölüşür(sosioloji amil) 2) cinayətkar olunmur(azad iradə əsasında şəxsi seçim olaraq kimsə cinayətkarlığı seçmir) cinayətkar doğulur və cinayətkarlığa təhrik edən mühitdə cinyatkarlığa meyillik özünü biruzə verir(genetik amil).
İstifadə olunan ədəbiyyat :
Sosioloji amillərlə bağlı araşdırma: http://file.scirp.org/Html/8-1760197_49227.htm
Genetik amillərlə bağlı araşdırma: https://cusj.columbia.edu/article/the-genetics-of-human-behavior/