İnsanı azadlığa aparan 3 mərhələ və ilahi-dini zəncirlər…

BLOGS

7/5/20226 min read

İnsan həyatında bir neçə mərhələdə azadlığı üçün vuruşur.

İlk mərhələ ailə daxilində ailəsinin dayatdığı düzənə qarşı baş qaldırmadır. Bu onun həyatında azadlıq üçün verdiyi ilk mübarizəsidir.

Burada adətən sərt, hegemon diqtəedici və qorxuducu ata obrazına qarşı gəlməkdən tutmuş, anaya qarşı da gələrək ana obrazının əvəzsiz şəkildə ərköyünləşdirəcək qədər rahatlıq və güvən verən himayəedici qoruyuculuğundan məhrum olmaqdan söz gedir. Şəxs oğlandırsa cinsi yetişkənlik, həyatı cinsi yönəlimlər üzərindən analaması üçün ideal, kumir, prototip rolunu oynayan atasını, şəxs qızdırsa eyni qaydada cinsi prototip olaraq anasını, uşaqlığından bəri bunların üzərindən qurduğu təqlidi, mühakimələri, normaları, doqmaları dağıtmış olur. Həmçinin onun bu baş qaldırması uşaqlığından bəri onu sağ qalmaq qayğılarından azad edən hüzurlu bir yaşamı itirmək təhlükəsi ilə üz-üzə qoyur. Bu ilanın öz qabığını tərk etməsi qədər manidar bir hadisədir. Bir sözlə, ilk ağrılı və məsuliyyət gətirici müstəqillik çırpıntıları…

Daha sonra cəmiyyətin, ətrafının ona dayatdığı normalara qarşı çıxır, hansı ki, onun arzu istəkləri ilə ziddiyyət təşkil edir. Bu kəmiyyət etibarı ilə daha geniş və təhlükəli hal almağa başlayır. Sənə sərt üzünü göstərməsinə baxmayaraq doğma olan bir atadan yönəlirsən səni potensial olaraq məhv etməyə qadir olan yad özgələrə qarşı mübarizə etməyə. Və burada ən öldürücü silah da diskriminasiya, məqsədyönlü şəkildə yalqızlaşdırılmaqdır. Çünki cəmiyyətin sənin üçün ölçüb-biçdiyi müəyyən qəliblər var ki, yalnız bu qəliblərə uyğun gəldiyin təqdirdə cəmiyyət səni özündən biri kimi görəcək, hiss edəcək və qəbul edəcək. Burada sual yarana bilər ki, cəmiyyət niyə qəliblərlə yaşayır. Birincisi, insanın yaratdığı bu sosial konstruksiya məhz elə insanın öz təməl davranışlarını özündə əks etdirməkdədir. Cəmiyyət müəyyən dəyərlər, normalar üstündə bərqərar olur ki, məhz cəmiyyəti də bütöv bir məfhum kimi sağ saxlayan da elə bu normaların, doqmaların sabit vəziyyətdə mövcud qalmasıdır. Buradan çıxan məsələ budur ki, cəmiyyət mövcud bütöv bir məfhum olaraq onun da qorxuları, sağ qalmaq qayğıları var. Buna görə də cəmiyyət onun ümumi razılaşdırılmış və qəbul edilmiş dəyərlərinə qarşı olanları, yaxud bu dəyərlərə uyğun olmayanları özgələşdirir, təhdid kimi alqılayır. Çünki insan beyni də belə işləyir, sən ona nə qədər uyğunsansa, sən təhlükəli deyilsən, amma nə qədər uyğunsuzsansa, sən bir o qədər təhlükə mənbəyi olmağa yaxınsan.

Növbəti mərhələ isə ən çətini, həssası və proses olaraq ən uzunu, həmçinin sosial miqyası baxımından ən geniş əhatə dairəsinə aid olanıdır ki, bu da dindir.

Burada məsələnin fundamental ciddiyyəti bundadır ki, şəxs bura qədər keçdiyi bütün mərhələlərin indi birləşmiş halıyla üz-üzədir, bu isə daha çətindir. O, indi nəinki onu fiziki olaraq var edən atasına, anasına, onların əmrlərinə, yaxud ona təmin etdikləri yaşam təhlükəsizliyinə, qayğısızlığına, hüzuruna qarşı çıxmış olacaq, o burada fundamental anlamda bütün kainatı, bəşəriyyəti var edən ən ali qüvvə sahibi olan, ona və bütün bəşəriyyətə qayda-qanun qoyan, bütün insanların ən ali səviyyədə yaşam təhlükəsizliyini və yaşamaqlarının anlamının qaynağı təşkil edən, cəzası isə mütləq şəkildə daha ağır olması gözlənilən ilahi bir qüvvəyə qarşı baş qaldırmış olacaq.

Bu baş qaldırış isə özlüyündə ilahi cəzalarla birgə həm də sosial cəzaları da gətirəcək. İlk cəza zərbəsi də ailədən, sonra dost tanışlardan başlayaraq bütün ətrafından gələcək. Çünki övladın hərəkətləri digərlərinin ailəyə qarşı münasibətini ciddi surətdə şəkilləndirə bilir. Ona görə ki, qəbul edilmiş normativlərə əsasən məhz övlada tərbiyə verərək onun şəxsiyyətini şəkilləndirməyə öhdəlikli olan subyekt ailədir. Ailə isə övladının cəmiyyətin ümumi normalarını tapdalaması ailə, dost tanışlar və ümumilikdə cəmiyyət tərəfindən diskriminasiya edilmək, yarğılanmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. Ailələr üçün cəmiyyətdəki nüfuz məsələsi bir mərhələdən sonra övladın üzərinə köçürülür. Övladın uğurları məhz bu mərhələdə ailəni digər ailələrlə rəqabətdə daha üst pilləyə çıxmasına imkan tanıya bilir, eynən uğursuzluqları da əks effekt verir. Dost-tanışlar da təbii olaraq həmin inkarçı şəxsin onların dəyərlərinə zidd olduğunu, yolunu azaraq təhlükə mənbəyinə çevrildiyini düşünürlər.

Həmin şəxs sosial cəhətdən tanınmış şəxsdirsə, bu bütün cəmiyyətin, xalqın ona qarşı olmasına qədər gətirib çıxaracaq. Sən ilahi qanunlara qarşı gəlməklə təkcə özlüyündə qanunlara qarşı gəlmiş olmursan, sən həm də bütün inanmışların bütlərini sındırmış, şübhə altına almış, ekzistensial anlamda onların mövcudiyyətlik anlamlarını, həyat, yaşam mənalarını əllərindən almış olursan.

Məsələ burasındadır ki, bu proses hər kəsdə yaşanmır, yəni hər kəs bu mərhələləri keçmir, hətta birinci mərhələni belə keçməyən yarım şəxsiyyətlər doludur cəmiyyətdə. Və dini sorğulamaq edilmiş ilk təməlli fəlsəfi sorğulama, düşünmədir ki, bu da özlüyündə insanlığın zəkasını gəlişdirən təməllərdən biri olmuşdur. Çünki bir din mütləq bir həqiqətləri, normaları qoyan məfhumdur, həmin inkarçı proqressiv fərdlər isə bu normaları yıxır və köhnəlmiş, artıq dəyərdən daha çox zərərə çevrilmiş o doqmaları faktiki dövrlərinin tələblərinə uyğun normalarla əvəzləyirlər. Məhz bu prosesin sayəsində tarixin dialektik qanunauyğunluğu, dinamikası mövcud olmuşdur. Əks halda insanlıq tarixi tənəzzülə məhkumdur. Çünki homo-sapiensin həyatına təsir edən əsas məfhum ağıldır. Ağıl isə normalar, dəyərlər, doqmalar adlandırdığımız müxtəlif abstraksiyalar yaradır, hansı ki, bu abstraksiyalar öz dövrlərində faydalı osla da sonrasında köhnələrək insanlığın boğazına keçmiş tikanlı məftilə dönüşmüşdür..

Həmçinin buradan çıxan nəticə budur ki, hətta şəxsi mənafe üçün deyil də toplum mənafeyi üçün yeni din gətirənlər belə insanlıq tarixinin ilk fəlsəfi sorğulayıcıları olmuşlar.

Təbii ki, din dövrünün çərçivəsində insan cəmiyyətlərinin idarəedilməsi üçün lazım idi. Bu dini gətirənlərdən bəziləri bunu bilirdilər, bəziləri isə sırf şəxsi mənafe, status, ambisiya, şəxsiyyət natamamlıqları baxımından bunu etmişdilər. Amma insanlıq tarixində Antik-Yunan fəlsəfəsi tarixi önəmli yerə malikdir, məhz buradakı bir çox filosoflar mistik-dini düşüncələrdən maksimum uzaqlaşaraq elmlə, fəlsəfə ilə gələcəyimizə işıq tutmuş, modern dövrdə qəbul edilmiş standartlara uyğun bugünkü elmin təqdirəlayiq və gözəçarpacaq yaradıcıları olmuşlar. Sonda tövsiyəm isə budur ki, kamilləşməmiş insanlıq isə mütləq ki, bir büt, bir peyğəmbər axtarırsa, o filosofları seçsin…

P.S siyasi azadlıqlar üçün mübarizə isə daha sonrakı mərhələdə insanlığın ümumi şüur inkişafı, fərdiyyətçiliyin və fərqindəliklərin artması ilə baş vermişdir ki, bu da özlüyündə önəmli bir mərhələ olsa da ən təməl mərhələlər yuxarıda sadaladıqlarımdır ki, bu mərhələnin də kökündə həmin o yuxarıdakı 3 mərhələ dayanmaqdadır.