Müxtəlif aspektlərdə ​işçi hüquqlarının pozulması və həlli yolları . (“İş”in fəlsəfi mahiyyəti)

8/25/20165 min read

Bu gün Azərbaycanda işçi hüquqları ciddi sürətdə pozulur. Bu pozulmalar əsasən günlük və həftəlik iş saatının düzgün nizamlanmamasında, işəgötürmədə cinsi ayrı seçicilikdə və xarici dil problemində özünü göstərir. Tikinti sektorunda isə bildiyimiz kimi əsas problemlərdən biri də rəhbərliyin təhlükəsizlik qaydalarına biganə yanaşmasıdır. Qanun ilə müəyyən edilən iş saatı budur və bundan başqa bütün qrafiklər qeyri-qanuni və konstitusion haqqların pozulmasıdır.

“Gündəlik iş vaxtı norması 8 saatdan ibarətdir. Həftəlik iş vaxtı norması 40 saatdan çox ola bilməz. :

12 və daha artıq saatlıq işlər ona görə qadağan edildi ki, işin fəlsəfəsi insanı istismar etmək deyil, sadəcə fərd olaraq qurduğun cəmiyyətdə (dövlətdə) müəyyən rol oyanamaq, birgə tərəqqiyə və lazımi ehtiyacların ödənməsinə nail olmaqdır.

İnsan topluluqlarının əmək bölgüsü prinsip etibarı ilə daha keyfiyyətli iş ərsəyə gətirmək və fərdlərin işini ümumi mənafeyə əsaslandıraraq iş ağrlığını maksimum yüngülləşdirmək, işdən əlavə sərbəst yaşamaq hüququnu yəni asudə vaxtı təmin etmək olmuşdur.
Normal azad, hüquqi iş, ehtiyacların çərçivəsində işləmək, işdən əlavə həyatını da sərbəst yaşamaqdır, ehtiyaclarından əlavə işləmək isə köləlikdir.

Düzgün əmək haqqının təyin edilməsi problemi:
Qeyd etdiyim kimi, iş fərdi və cəmiyyət daxili ehtiyacların ödənməsini təmin etmək üçün görülən əmək fəaliyyətidir. Əvvəllər, natural təsərrüfat dövründə fərdlər öz işlərinin bəhrəsini mübadilə edərək lazımi ehtiyacları qarşılayacaq primitiv iqtisadi münasibətlər həyata keçirirdilər. Günümüzün iqtisadi formasiyasına uyğun olaraq, biz əmək haqqı alırıq və “ilkin işin mahiyyəti prinsipinə uyğun olaraq” iş, ehtiyaclarımızı ödədiyindən əmək haqqı da bizim ehtiyaclarımızı qarşılamalıdır.

Ancaq çox təssüf ki, bu zəruri ehtiyac və konstitusion hüquq və normalar kobud sürətdə pozulur. Əmək haqqı hətta normativ yaşam standartları ilə belə, tərs mütənasiblik yaradır. Bir sözlə, əmək haqqı ehtiyaclarımızı qarşılamır, dolayı olaraq gördüyümüz iş azad-hüquqi vətəndaşalar cəmiyyətinə xas olan “işin mahiyyəti” prinsipinə uyğun olmadığı üçün, biz vətəndaş və işçi deyilik, köləyik və etdiyimiz “işin” adı da köləlikdir. Buna görə, bu da qeyri-qanuni və ümumbəşəri insan haqq və hüquqların tapdalamaqdır, yəni obyektiv olaraq cinayət işidir.

Bir daha deyirəm: ” bütün hüquqi normalara görə, düzgün təyin olunmayan ehtiyaclarını qarşılamayan əmək haqqı fərdə qarşı cinayət işidir”.

İşləmək yuxarılara yaramaq deyil, ilk olaraq özünə və sonra ümumi, birgə toplum mənafeyinə fayda verməkdir.

İş həyatında cinsi ayrıseçkilik

Azərbaycanın bugünkü iş həyatında cinsi ayrı-seçkilik də əsas problem kimi özünü göstərir. Bu, əsasən xidməti işlərdə (məs: ofisiant, satıcı, reseption və s) qabarıq formada nəzərə çarpır. Bunu hətta iş elanlarında da (istər saytlardakı elanlar, istərsə də küçələrdə, obyektlərin üzərlərində olan elanlar) hər gün müşahidə edirik.

Əslində qanunla (mahiyyətcə demokratik və gender bərabərliyinə, ümumi insan hüquqlarına və bərabərliyinə(vətəndaş bərabərliyinə) əsaslanan konstitutsiyalı dövlətlərdə) bu qadağandır. Cinsi seçicilik (seksist yanaşma) ölkənin demokratik nüfuzuna ciddi zərərdir.
Həm də bu məntiqsizdir, çünki fundamental olaraq da satıcının qadın, yaxud kişi olması heç bir önəm daşımır. Ancaq təssüf ki, seksist düşüncə sahibləri qadına bu kimi işlərdə üstünlük verməkdə güddükləri məqsəd daha çox müştəri cəlb etmək, daha çox pul qazanmaqdır. Bunun da əsas fundamentlal sosio-psixoloji səbəbləri vətəndaşların təfəkküründə olan seksist yanaşmadır.

Qadını biznes maraqları üçün adətən bir alət kimi istifadə edərək alçaltmaqdır, bunun əsl adı. Nəticə isə ölkədə iş həyatın balansının pozulması ilə təzahür edir. Kişilər (xidməti işlərdə işləyənlər əsasən) işsiz qalır, yaxud iş tapmağın çətin olduğu standart vəziyyət daha da cinsi ayrı-seçicilik, qanunsuzluq nəticsəində ağır hal alır.

İş həyatında xarici dil problemi

İş həyatındakı problemlərdən daha biri xarici dil məsələsidir. Belə ki, hətta xidməti işlərdə belə, rus, bəzi hallarda da ingilis dili tələb olunur. Əslində bu da yuxarıda sadaladığım digər problemlər kimi qanuna bir başa ziddir, çünki Konstitutsiyaya əsasən Azərbaycan Respublikası suveren dövlətdir və onun rəsmi dili Azərbaycan dilidir, yəni Azərbaycan dili tək məişət xarakterli yox, həm də rəsmi-işgüzar mahiyyətli dildir.

Ölkə daxilində əsas, rəsmi dil kimi bütün dövlət və özəl sahələrdə aparıcı dil olaraq öz dominantlığını qorumalıdır. Belə ki, digər ölkələrdə olduğu kimi hər hansı bir şəxsin vətəndaşlıq alması üçün Azərbaycan dilini bilməsi gərəkdir. Bu həm də vətəndaşın iş həyatı üçün də önəmlidir.

Ancaq biz bunun tamam əksini görürük, ölkəmizdə Azərbaycan dilini bilməmək deyil, bilmək vətəndaşların əsas problemlərindən birinə çevrilib. Sizin Azərbaycan dili bilməniz o qədər də önəmli deyil, əsas odur ki, rus və ingilis dilini biləsiniz.

Bu çox ciddi sosial həm də siyasi problemdir. Siyasi problemdir ona görə ki, özünü müstəqil, suveren elan etmiş bir ölkənin ki, qəbul etdiyi rəsmi dili sosial həyatda disfunksionaldır.

Bu qanuna zidd, suveren dövlət konsepsiyasına zidd, vətəndaş maraqlarına, mənafeyinə zidd, ölkənin dil siyasətinə (rəsmi qəbul edilmiş dilin daha da təkmilləşdirilməsi, inkişaf etdirilməsi və hakim, dominant dil olması məqsədinə) ziddir. Biz sosio-psixoloji aspektdən yanaşsaq o zaman daha da əlavə problemli nüanslar ortaya çıxacaq.

Dil şüurun və millətin varlığının təzahürüdür, onun tapdalanması, qiymətdən salınması istər millətin, istərsə də dövlətin gələcəyi üçün qarşısıalınması çətin, bəlkə də mümkünsüz faciələrə yol açacaq.
Problem həlli: (Həlli yolların daha da artırmaq olar, bu elementar və formaldır)

1) QHT mahiyyətli müstəqil Həmkarlar İttifaqları yaratmaq.

2) Qandi praktikasına əsasən ümumi razılıq əsasında işləməyi baykot etmək, amma bu birliyi qurmaq çətindi və bu birliyi yaradacaq müstəqil Həmkarlar İttifaqları gərəkdir.

3) Məhkəmə yolu ilə İnsan Haqlarını və digər konstitutsion haqları əldə bayraq edərək şikayət və mübarizə etmək

4) Sistem dəyişikliyinə nail olmaq, yəni hakimiyyətin yuxarıdan devrilməsi, yaxud rəhbərlik və idarəetməçilik islahatını məcburi surətdə həyata keçirmək.