Şərq fəlsəfəsi: Konfutsi və Konfutsiçilik
6/14/20164 min read


Dünya siyasi-fəlsəfi tarixində bir çox mütəfəkkirlər olmuş və öz dəyərli təlimləri, doktrinaları ilə siyasi-fəlsəfi fikir tarixində özünə yer etmişdir. Bu böyük mütəfəkkirlərdən biri də Konfutsi (Kon Fu Dzı) olmuşdur. Konfutsi təlimini araşdırarkən biz onun konservatist, aristokratik təfəkkürlü olduğunu açıq-aydın görə bilərik. Onun təlimi düzgün əxlaqi yanaşmalarla yaşamağı insan üçün vacib qılır və o bu düzgün yaşayan insanı “üst insan”, yaxud “nəcib kişi” adlandırırdı.İnsanın sıradan bir varlıq, canlı orqanizm olmasını qəbul etmirdi və ali şüur daşıyıcısı olaraq gördüyündən insanın müəyyən məziyyətlərə, fəzilətlərə yiyələnməli olduğu qənaətində idi. Bu qənaətin əslində bir növ əsası bəlkə də onun ilahi inancı ilə səciyyələnirdi. O, tez-tez öz söhbətlərində Göy anlayışını, inancını ortaya atırdı və “Göyün məsləhəti” ilə deyərək fikirlər səsləndirirdi.Ümumən, biz araşdıranda Şərq fəlsəfəsində əxlaqi yanaşmaların, mənəvi kamilləşmənin, ilahi mənşəyi məziyyətlərin və fəzilətlərin əsas fəlsəfi problem kimi qoyulmasını və üzərində fəlsəfi-psixoloji, sosio-kulturoloji işlənməsini görürük. Şərq hər zaman paternalist, konservativ və mifik təfəkkürlərin təzahüründə öz kulturoloji dünyasını yaratmışdır və qorumuşdur. Mənəvi kamilləşməni Konfutsi kimi digər Şərq mütəfəkkirlərində də görmək olar. Məsələn: Budda, Lao Tszı, Brahmanlar, Nəsimi, Zaharastura (Zərdüşt), Əl Fərabi və s. Şərq hər zaman öz spesifikliyini ailə dəyərləri prizmasında göstərmişdir. Məhz şərqin özünəməxsusluğu da elə bunda görülür və tədqiq edilir. Ailə dəyərləri məsələsi tək sosial sferada deyil, həm də siyasi arenada öz areallığını mövcud etmişdir. Bunun ən bariz formasını, nümunəsini elə məhz Şərq dövlət quruluşlarında görə bilərik. Bəzən indiki tədqiqatlarda şərqin bu paternalist konservatizmini bəzən aşırı dərəcədə olması zamanı istibdadla, geriçilik ilə uzlaşdırırlar.Şərq ailə dəyərlərində “böyük – kiçik” qarşılıqlı hörmət və öz statusunu dərk edərək ona uyğun davranmaq kimi xarakteristika formalaşmışdır. Bu xarakteristikanı da biz Şərq dövlət quruluşunda müşahidə edə bilirik. Məsələn: Konfutsinin, Lao Tszının, Buddanın, Brahmanların ortaq düşüncəsi ailə dəyərləri və “böyük – kiçik” münasibətlərinə uyğun olaraq xalqın dövlətə tabe olmasını, dövlətin xalqa öz övladı yaxud təbəəsi kimi baxmasını ifadə edirdi. Bu Şərq quldarizmində, feodal quruluşunda ciddi sürətdə müşahidə edilir. Ümumən,Şərq fəlsəfəsi və konkret olaraq Konfutsi dövlətə tabe olmağı sırf ailə dəyərləri konteksində, əxlaqi məziyyətlər sferasında tədqiq edir. Onun düşüncəsinə görə dövlətin xidmətində olmaq sanki öz ailənin xidmətində durmaq kimi eyni xüsusiyyəti təşkil edən şərəfli bir hərəkətdir. Dövlətə qarşı gəlmək isə əxlaqsızlıq kimi qiymətləndirilir. Əlbəttə, bu kimi fəlsəfi ideyalardan şərq hökmdarları bəzən mənfi istiqamətdə, özlərinin mənfəətlərini ödəmək, öz ehtiraslarını qidalandırmaq yönündə istifadə etmişlər. Biz bu kimi mənfiliklərə görə tamamən Şərq filosoflarını günahlandıra bilmərik, sadəcə deyə bilərik ki, Şərqin öz spesifikliyindən irəli gələn bu əxlaq kodeksləri bəzən hökmdarları həddindən artıq yüksəltməyi ilə paralel olaraq o yüksəkliyin proyeksiyasında xalqı alçaltmış, kiçiltmiş və əzmişdir. Ancaq Konfutsi hər zaman hökmdarların da sıradan olmamasını, yalnız müdrik, nəcib kişilər ola bilməsini dəfələrlə öz fikirlərində vurğulamış, xalqı əzmək kimi mənfi hərəkətlərin nəcib, müdrik hökmdar xislətinə uyğun gəlməməsini göstərmişdir. Dahi mütəfəkkirlər insanın müdrikliyə çatmasını, şəxsi mənəvi kamilləşmədə görürdü. Onlar bəşəriyyətin dərkinin özünüdərkdən doğduğunu, başladığını qeyd edirdi. Və yalnız özünüdərk prosesini tamamlamış insanlar müdrik, nəcib kişi, həqiqətlə nurlanmış statusuna sahib olur deyə bildirirdilər. Bu bir növ mənəvi aristokratiyanın göstəricisi kimi qeyd edilə bilər. Və bu mənəvi aristokratiya da filosofların siyasi düşüncəsində siyasi aristokratiya ilə tamamlanır.