"Sosializmin Əlifbası" kitabı üzərinə tənqid

ARTICLES

4/21/202568 min read

Giriş

Bu yazı “Sosializmin Əlifbası” kitabının içindəki bir çox sosializm müdafiəsi və kapitalizmin tənqidi tezislərinə qarşı əks-tənqidi yazıdır. Bu tənqidi yazı ola bilsin ki, bütün sosialist siyasi-fəlsəfi və iqtisadi fikir tarixini əhatə etməyəcək, amma kitabın da ana məqsədi olan sosializm barədə Karl Marks, Fridrix Engels daxil bir çox sosialist fikir adamlarının, sosialist yanaşmaların Amerikan kapitalizmi əsas alınaraq kapitalizmə yönəlmiş ümumi tənqidi məqsədi barədə əks-tənqidə imkan verəcəkdir. Yəni, bu yazı bütün sosialist fikir adamlarının yazdıqlarına cavab deyil, bununla yanaşı, məhz bu kitabdakı sosialist fikir tarixində əsas tezislər olaraq xülasə edilmiş və bir çox müəlliflərin də qəbul etdikləri ortaq fikirlərə qarşı əks-tənqiddir, yəni bu tənqidlər, bir kitab üzərindən olsa da belə, ümumilikdə əhatəlidir. Yazının sujet xətti sizə tam ardıcıl gəlməyə bilər, çünki edilən tənqidlər bölüm-bölüm edilsə də, ayrılıqda hər bölümün içindəki hər hansı konkret fikrə, sözə edilməyib, ümumilikdə daha ciddi tənqid doğuran, kapitalizm və sosializm arasında əsas mübahisə mövzuları olan məsələlər ələ alınıb. Əks-tənqidlərin yer aldığı bölümlər, yaxud hissələr lazım gəldikdə istinad mənbələri ilə təmin ediləcək, sırf fəlsəfi yanaşma tələb etdiyi zaman isə, ola bilsin ki, həmin hissələrdə istinad mənbələrindən istifadə edilməsin, bu həm yazarın sərbəst fəlsəfi refleksiyası üçün, həm də oxuyucunun hansısa avtoritet qəbul edilmiş yazarların reputasiyasından asılı olmayaraq sərbəst və özgüvənli şəkildə düşünməsinə imkan yaratması üçündür.

Kapitalizmin sinif anlayışı üzərindən tənqidi

Sosializm və kapitalizm arasında ən başlıca çəkişmələr, debatlar sinif, siniflərarası çatışma, işçi haqları, işçi istismarı, sosial ödənişlərin yetərsiz olması, iş saatlarının qeyri-insani olması və özəl mülkiyyət anlayışından irəli gələrək fabrik və zavodların işçilərin kollektiv mülkiyyətinə verilməsi məsələsidir. Məhz bu kitabda da birinci bölüm elə bu anlayışların müzakirəsi ilə başlayır. Burada bir neçə məqam var. İlk olaraq onu qeyd etmək istərdim ki, bu kitabda da ümumi sosialist düşüncəyə xas olan “sinif” kimi ehkamçı və düşmən tərəf anlayışından, obrazından istifadə edilir. Yəni işçi və işverən qarşı-qarşıya qoyulur. Halbuki bu sağlam yanaşma deyil, daha çox travmatik və ehkamçı yanaşmadır. Əslində işçi və işverən arasındakı münasibətlər dialoq şəklində şərh edilərsə daha doğru olar, çünki işçi ilə işverən arasındakı iqtisadi münasibətlər qarşılıqlı asılılq üzərindədir və ümumilikdə iqtisadiyyatın ayrıca bir subyekt kimi işləkliyi də məhz bu iki tərəf arasındakı qarşılıqlı asılılığa və konsensusa söykənən münasibətlərdə üzə çıxır. Bəli, inkarolunmaz faktdır ki, işçi ilə işverənin iqtisadi maraqları ilkin baxışda toqquşur. Kitabın müxtəlif hissələrində qeyd edildiyi kimi, işçinin daha çox maaş və az iş saatı arzulamasına qarşı işverən daha çox işlədib az maaş verərək qazancını artırmağı hədəfləyir. Ancaq liberal bazarla bağlı rasional iqtisadi yanaşma və rasional iqtisadi davranışlar belə deyildir. Çünki işverən, həqiqətən də daha çox qazanc əldə etmək istəsə də işçinin qeyri insani çalışdırılması onun faydalılıq əmsalına mənfi təsir göstərir, yəni daha çox qəbul edilən səkkiz saatdan artıq işlətmək və yaxud həqiqi bazar qiymətlərinə adekvat maaş verməmək (real yaşam xərci) işçinin əməyini fiziki və motivasiya baxımından mənfi formada təsirləndirir, nəticədə işverən daha çox qazancı əldə edə bilmir. Həmçinin bu kimi problemlərin mövcudluğunu nəzərə alsaq belə, bunun yolu əməyin sosialistləşdirilməsi yox, liberal-demokratik sistem altında azad fəaliyyət göstərən müstəqil əmək birliklərinin və ümumilikdə vətəndaşların yaratdığı müstəqil həmkarlar ittifaqı, partiyalar, siyasi təşkilatlar və mövzuya uyğun vətəndaş cəmiyyəti birlikləri ilə bu iqtisadi mühitə təsir etməkdir. Məhz bu zaman sənin yerinə xəyali ilahi bir yaxşı dövlət deyil, sən özün real zəmin üzərində real təsir yaradırsan. Həmçinin iş saatları ilə bağlı təklif edilən işə uyğun fəaliyyət göstərmək də qəbul edilən haldır. Məsələn konkret bəsit bir işi misal gətirək; sənin işin sırf bir ofisin pəncərələrini silməkdirsə, sən bu işi gördükdən sonra istəyinə uyğun olaraq evə gedə bilməlisən, iş yerində qalmağa, yaxud əmək müqavilənə aid olmayan işləri görməyə sövq edilməməlisən. Ümumən, burada danışılan kapitalizm “Laissez-faire” kapitalizmidir. Lakin gerçəklik odur ki, üzərində nəzarət tənzimlənməyən kapitalizm, həqiqətən də, xoşagəlməz hallar yarada bilir, amma bu təkcə kapitalizmə yox, bütün iqtisadi-siyasi sistemlərə, bütün sosial münasibətlərə aiddir. Nəzarət isə sosialistlərin başa düşdüyü anlamda birbaşa dövlət müdaxiləsi və bazarın dövlətləşdirilməsi deyil, liberal-demokratik sistemin verdiyi siyasi haqq və hüquqlardan istifadə edərək kapitalizmin neqativ yan təsirlərini minimuma endirməkdir. Məsələn, həmin bu hissədə qeyd edilən trestlərlə, monopoliyalarla bağlı qanunlar. Bildiyiniz kimi kapitalizmin öncüllərindən biri sayılan ABŞ da daxil olmaqla bir çox ölkələrlərdə bu qanunlar ya anti-monopoliya, ya da rəqabət qanunları başlığı altında mövcuddur. Bəzi örnəklər: ABŞ 1890-cu il Şerman anti-inhisar qanunu, Avropa Birliyi[1], Böyük Britaniya[2], Kanada[3], Yaponiya[4], Avstraliya[5], Almaniya[6] və s. Bu qanun bu kitabda tənqidi arqument kimi ələ alınan XIX əsr Amerikasındakı kapitalist monopolist şirkətlərin kontrol altına alınması və rəqabətli bazarı məhv etməsinin qarşısının alınmasını hədəfləyir. Yəni, liberal siyasi və etik çərçivələr içində kapitalizm dinamikdir, daxili dəyişkənliyə potensial anlamda açıqdır, yəni onu daha yaxşı hala gətirmək mümkündür. Məsələn, iş saatları, inhisar qanunları, xırda özəl təşəbbüsün minimal faizli kreditlər ilə dəstəklənməsi və s kimi proqressiv alətlər mövcuddur. Lakin, sosializm yuxarıdan idarə edilən təbiəti etibarilə totalitar sistem odluğundan hansısa qrup maraqlarının, azad siyasi fəallığın təsiri ilə reformasiyası mümkün deyil, həmçinin onun yuxarıdan idarəsi, planlı iqtisadiyyat, totalitar müdaxilələr sistemin var olmasını təmin edəcək əsas alətlər olduğundan bunlar üzərində aparılan hansısa dəyişiklik sosialist sistemin çökməsinə kapitalistləşməsinə yol açır. Bunların ardınca burada kapitalist sistemdə maaşların insani yaşayış üçün yetərsiz olması, insanların sadəcə gününü yola verməyə yetməsi ilə bağlı tezis də mövcuddur. Lakin, bu yanaşma da özlüyündə əsassız yanaşmadır, ona görə ki, feodalizmdən yeni çıxışla yaranan ilkin kapitalist cəmiyyəti nəzərə alır; bu zaman, təbii ki, kapitalistlərin real iqtisadi davranışları feodalist dünyagörüşündən çox da fərqlənmirdi. Onlar nə qədər proqressiv və islahatçı olsalar da öz dövrlərinin yenilikçiləri idilər, yəni 50-100 il sonrasından baxaraq onları dəyərləndirmək və kapitalizmin tənqidi üçün istifadə etmək düzgün deyil. Həmçinin maaşların azlığı ilə bağlı hansısa müdaxilələr azad rəqabətli bazar prinsipləri çərçivəsində həll edilməlidir, sosialist yanaşma ilə yuxarıdan birbaşa müdaxilə ilə yox, çünki bu zərərlidir. Ona görə zərərlidir ki, müasir dövrdə iqtisadiyyat daha da mürəkkəbləşib və iqtisadi sahələr arasında əlaqələri daha da iç-içə olub və hansısa bir sahədə yuxarıdan süni (bədənə yad cisim daxil olması kimi) müdaxilə bazarın ümumi hüceyrəvi toxumasına zərər verə bilir, nəticədə zəncirvari əlaqədə olan digər sahələr də bu süni, yad, xarici müdaxilədən təsirlənə bilir və bu mürəkkəbləşmiş iqtisadi zəmində baş verdiyindən yuxarıdan müdaxilənin hərtərəfli və ən son zəncir halqasına kimi təsirini proqnoz etmək mümkün deyil. Bu, ən yaxşı halda yaxın gələcəyin supersüni intellekti ilə hesablana bilər. Qısaca, 100 il öncənin daha bəsit iqtisadi münasibətlərin əksinə, indiki mürəkkəb iqtisadi münasibətlər müstəvisində edilən yanlışlıq daha ciddi zərərlər yarada bilər ki, sonradan bu çoxşaxəli problemli sferaları kontrol altına almaq mümkünsüzləşə bilər, daha çox zərərin altında qala bilərik və hətta bir ölkə deyil, həmçinin bütün sistem ümumi qlobal bazara indeksləndiyindən və əlaqəli olduğundan qlobal bazar özü təsirlənə bilər.

Sərmayə toplanmasıyla bağlı tənqid:

Buradakı sərmayə toplanması məsələsiylə bağlı edilən tənqidlər də haqsız tənqidlər sayıla bilər, çünki işverən burada yazıldığı kimi daha çox sərmayə toplamağa çalışaraq şirkətin daha yaxşı yenilənməsi üçün pul xərcləyir, sonra o şirkət digər şirkətlərlə rəqabətdə daha çox qazancı hədəfləyir, bunun da işçinin qazanc haqları bahasına başa gəlməsi vurğulanır. Birincisi, burada olan rəqabət mütləq lazımlı rəqabətdir bu dünyamızın hər sahəsindəki yenilikləri bizə qazandıran, dinamik inkişafa yön verən yanaşmadır, inkişafın çarxıdır. İşçilərin haqqına gəldikdə isə birincisi, daha çox qazanan şirkət işçi üçün daha çox maliyyə ayıra bilir və yuxarıda dediyimiz fəaliyyət mexanizminin effektiv çalışması baxımından buna maraqlı da olur. Siz buna dünyadakı Google, Facebook, Coca-Cola və digər şirkətlərin işçilərinin qazanclarını bazardakı daha kiçik alternativləri ilə müqayisə edərək əmin ola bilərsiniz. Həmçinin onların işçiləri üçün yaradılan sosial xidmətlərlə daha kiçik şirkətlərin işçiyə təqdim etdikləri üstünlükləri də müqayisə edə bilərsiniz. Bu tezisin davamı kimi yenidən trestlərin, monopoliyaların tənqidlərini qeyd edərək deyə bilərik ki, bəli, anti-inhisar qanunlarının çərçivəsini aşmayan amma böyüyən şirkətlər nə iqtisadiyyat, nə işçilər, nə də müştərilər üçün zərərlidir. Əksinə, həmin şirkətlər öz istehsalat sahələrində yeni texnologiyaların alınmasında, yaradılmasında, yaxud istehsalat eksperimentlərinin həyata keçirilməsində maddi imkana sahib olduqlarından və bu daha çox qazanc gətirəcəyi üçün bunda maraqlı olduqlarına görə daha yaxşı xidmət göstərərək iqtisadiyyatın həm daxildə, həm qlobal bazarda proqress etməsinə imkan yaradırlar. Sonradan onların istər istehsalat, istər işçilər sferasında, istər müştəri xidmətlərində yaratdıqları yüksək standartlar digər kiçik və orta həcmli şirkətlər tərəfindən izlənilməyə başlanılır. Məsələn, şəkərsiz Coca-Colanın istehsalatı digərləri üçün də yeni istehsalat standartı yarada bilmişdir. Yaxud daha gəlirli bankların ilkin versiyada sadələşdirilmiş elektron xidmət sistemlərinə keçidi digərlərinin də bu sistemə keçmələrinə sövq etmişdir, nəticədə gəliri çox olan bank bu sistemə keçməklə bazarda yenilikçi addımla öz payını yüksəltməyə çalışarkən, həm də digər bankları da bu yolu izləməyə təhrik etməsi ilə ümumilikdə müştərilərin daha keyfiyyətli xidmət almasına səbəb olmuşdur. Bu örnəkləri uzatmaq olar, amma buna gərək yoxdur. Qısaca aksioma bundan ibarətdir, bazarda olan şirkət daha çox gəlir əldə etməyə çalışır, daha çox gəlir əldə edən şirkət daha çox olan gəlirini daha da artımaq üçün yeniləmələrə invesitisiya qoyur və beləliklə bu tsikl davam etdikcə ümumilikdə müştərilərin də, işçilərin də daxil olduğu sistem - iqtisadiyyat qazanır.

Kapitalizmin imperializm və savaş ilə suçlanması:

1. Bunun davamında kapitalizmin imperializm və savaşla suçlanması məsələsi gəlir. Bu isə özlüyündə ciddi və üzücü bir hal olsa da etiraf etmək laızmdır ki, bu nə kapitalizmlə, nə sosializmlə əlaqəli deyil. Münaqişələrin təbiətinə konfliktoloji baxışla baxsaq görərik ki, qruplararası istənilən fərq (dini, irqi, etnik resurslar ehtiyacı, hakimiyyət əzmi) müharibəyə səbəb yarada bilir. Bu bizim canlılar aləmi ilə bölüşdüyümüz ümumi instinktiv dəyərlərdir, ən yaxın qohumlarımz olan primatlara da baxsaq görərik ki, onlar arasında da bu savaş var, bu savaş ya üstünlük, ya ərazi, yaxud digərinin varlığını özü üçün təhdid görməyə əsaslanır. İndiki məqamda savaşlar ənənəvi olaraq təkcə sərhəddə yerləşən ölkələr, imperiyalar arasında deyil, sərhədi olmayan ölkələr arasında da ballistik raketlərlə, dronlarla ola bilir. (Məs:İsrail və İran qarşıdurması[7]) bu acınacaqlı durum isə fərqli identifikasiyaları minimuma endirmək, qlobal inteqrasiyanı gücləndirmək yoluyla olmalıdır. Həmçinin BMT kimi, amma daha çox imtiyazlı dövlətlərüstü bir üstqurumun arbitrlığı ilə silahsızlandırma yolu ilə bunun önünü almaq olar. Həmçinin millət-dövlət(nation-state) modeli də burada müharibələrin instinktiv səbəblərini təhrik edən bir siyasi subyekt kimi önə çıxmaqdadır. Çünki millət-dövlətlər sərt cizgilərlə bir qrupu fərqlilikləri(dil, din, genotip) digər qrupdan ayırır, biz və onlar diskursunu mütləqləşdirir. Qısaca, savaşlara qrupların, kollektivlərin savaşı kimi baxmaq lazımdır. Həmçinin düşünmək üçün sizə maraqlı bir fikri də çatdırmaq istərdim. Bütün dünyada fərdin fərdə qarşı öldürmə cinayəti qəbuledilməzdir və cəzaya səbəb olur, lakin kollektivlərin bir-birini öldürməsi qəhrəmanlıq sayılır və hətta bunun müqabilində hər kollektiv öz fərdlərini medallarla təltif edir. Bu barədə daha çox fikir sahibi olmaq üçün və həqiqətən də konfliktlərin kökünə baxış keçirmək üçün primatologiya, antropologiya kimi elm sahələrinin sanballı müəlliflərinin əsərlərinə müraciət etmək lazımdır.

Dövlətin kapitalistlərin qoruyucusu olması barədə:

Bu bölümün “Dövlət” başlıqlı hissəsində isə azlığın mənafeyi çoxluğun zərərinə və dövlət də bu paradiqmanın sistematik həyata keçməsinə yardımçı olan vasitə kimi ələ alınır.Ümumilikdə məsələyə bu formada yanaşmaq daha düzgün olar. Demokratiya özü özlüyündə necə inkişaf etdi ? Demokratiya tarixini oxuyanlar bilir ki, Antik-Yunanda demokratiya çoxluğun hakimiyyəti idi çoxluğun qarşısındakı antaqonist qüvvə azlıq olan aristokratik təbəqə – zənginlər idi. Buna görə də demokratiya onların gözündə heç də fəlsəfi avanqardlıq içində yer almaması gərəkən aşağıların nimdaş idarəetməsi idi. Sonrasında da istər İngiltərədə Magna-Carta ilə başlayan kralın səlahiyyətlərinin məhdudlaşdırılması, krala nəzərən daha çoxluğun (xalqın demək olmaz) maraqlarının təminatı üçün parlamentin çağırılması, sonrasında Fransa burjua inqilabı ilə dövrünün pik həddinə çatan kralın edam edilməsi, monarxiya üsul-idarəsindən respublika quruluşuna keçidə, böyük bir təbəqənin haqlarını əldə etməsi, aristokratiyanın bərabərlik ilə əvəz edilməsinə səbəb oldu. Yəni, demokratiyaya gedən yol aristokratların əllərindən gücün alınaraq xalqa verilməsi idi. Bu baxımdan liberal-demokratik sistemdə azlıq olan kapitalistlər ilə çoxluq olan xalqın iqtisadiyyatdakı obrazlı təmsili olan işçilər arasındakı bu maraq toqquşması demokratik prinsiplər ilə kompensasiya edilə bilir. Yəni azlıq öz əlində daha çox iqtisadi gücü toplasa da belə, demokratik siyasi təsisatlar(seçki, partiya, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları, qanunverici orqan, məhkəmə sistemi və s.) vasitəsi ilə aşağılar yuxarılara öz siyasi iradələrini dayamağa çalışaraq ortaq faydanın formalaşmasına səbəb olurlar. Dövlət isə burada daha çox üçüncü bir subyekt kimi hakim rolunda fəaliyyət göstərir, yəni həm işverən azlığın maraqlarını qoruyarkən, həm də işçi çoxluğun(hansı ki, bu təbəqə sosialistlərin düşüncəsinə əks olaraq dövlətə çox güclü təsir edən qüvvədir demokratik sistemdə)maraqlarını müdafiə edir. Burada önəmli yanlışlıq sosialistlərin özlərini proletar diktaturası kimi xarakterizə edərək totalitar idarəetmə ilə dövləti mütləq bir sinfin imtiyazına verərək ümumilikdə bütün siyasi, iqtisadi və sosial münasibətləri onun vasitəsilə dizayn etmək, tənzimləmək kimi alqıları olduğundan liberal-demokratik sistemin də hakim olduğu dövlət modelini öz arşınları ilə ölçürlər, halbuki məsələ hansısa sinfin, qrupun diktatorluğu yox, dövlətin ümuminin xidmətinə açmaqdır. Qısaca, azlığın əlində güc, hakimiyyət iqtidar olsa da çoxluğun demokratik sistemdə təsir imkanlarının çoxluğu və efektivliyi nəticəsində çoxluq və azlıq arasında konsensus yaranır, bu da balansın qorunmasına imkan verir, nəticədə qazanan iqtisadiyyat və ölkə olur. Dövlətin özəl mülkiyyətin qoruyucusu kimi lənətlənməsi yanaşması isə özlüyündə müzakirəyə gərək duyulmayan yanaşmadır, çünki özəl mülkiyyətin azadlığın qarantiyası əsası olması sugötürməz bir gerçəklikdir. Özəl mülkiyyət=azadlıq, bununla bağlı şübhələriniz varsa bu kitabın da layiqli nümunə kimi tərif etdiyi Sovetlərlə ABŞ, Britaniya kimi kapitalist ölkələrdəki mülkiyyət üzərindəki fərqlərdən dolayı yaranan azadlıq fərqlərini müqayisə edin. Burada demokratik sistemdə belə zənginlər, bankirlər ilə işçi arasında sistemə təsir gücünün fərqli olması qeyd edilir. Bu ilk baxışda doğrudur. Burada qeyd edildiyi kimi Vaşinqtona (yaxud hansısa bir yerə) bankir olaraq, ya “Coca-Cola” şirkətinin prezidenti olaraq getməyin orada hökumət rəsmiləri ilə görüşüb irad, yaxud təkliflərinin təsiri ilə siravi bir “Coca-Cola” yaxud bank işçisinin gedib öz təklif və iradlarına eyni nəticəni gözləməsi, əlbəttə, sadəlövhlük olardı. Amma bu yanaşma yenə də sosialistlərin şüuri olaraq ehkamçı və poetik təfəkkürə malik populist olduqlarından irəli gəlir. Çünki həqiqi qarşılaşdırma edərsək bu belə olmalıdır. “Coca-Cola” şirkətinin prezidenti bir şəxs olaraq özünün təmsili ilə ora getmir, milyonlarla qazanc və xərc dövriyyəsi, çoxsaylı işçi kütləsi və bazar payları olan bir şirkətin təmsilçisi olaraq gedir. O, öz adına deyil üçüncü bir müstəqil subyekt olan “Coca-Cola” adına danışır və burada Y.N.Hararinin bənzətməsindən istifadə edərək deyə bilərik ki, xəyali olaraq yaratdığımız şirkət özlüyündə müstəqil subyektə çevrildiyindən prezident özü belə onun təmsilçisi roluna düşür[8]. Bu qarşılaşdırmada digər siravi işçi tərəfin bərabərləşdirməsi isə maliyyə gücü ilə olmasa da siyasi gücü ilə mövcud olur. Belə ki, yaratdığı sosial birliklər (həmkarlar ittifaqı, partiyalar, təşkilatlar) adına danışığı da onun eyni cür qəbuluna və təsir etməsinə imkan yaradır. Yəni bunun əksinə olaraq sosializm diktaturasında olduğu kimi iqtisadi gücü də qanunverici, icraedici bütün güc və hakimiyyətləri dövlətin əlində cəmləşdirdiyimizdə mütləq idarəedən sinif yaranır, mütləq idarəedən sinif isə tarixi örnəklərində gördünyü kimi şahlıq, krallıq, aristokratik sinif deməkdir, həmçinin Sovetlər Birliyi, onun politbürosu buna ən gözəl örnəkdir. Lakin liberal-demokratik sistemdə isə azlıq olan zəngin sinif var, idarəedən siyasi sinif var və çoxluq olan elektorat, sosialistlərin təbirincə desək işçi sinfi var və bu məcrada çoxluq olan işçi sinif öz maraqları iqtiqamətində, həm də idarəedənlər və zənginlər arasında demokratik sistemin verdiyi təsir imkanından istifadə edərək manevr etmək şansı əldə edir. Bu da onun mümkün olan ən yaxşı səviyyədə daha qazanclı çıxmasına şərait yaradır. Əks halda isə belə bir şansdan söhbət gedə bilməz. Bu fikirlərin irəli inkişafında isə belə qeyd edilir ki, işçilərin kütləvi etirazları nəticəsində dövlət özəl mülkiyyət sahiblərinin əleyhinə kiçik həcmli qərarlar qəbul etsə də bu ümumilikdə özəl mülkiyyətin qorunması prinsipi daxilində baş verir. Burada, yenidən qeyd edirəm ki, sosialistlərin təfəkküründəki əsas problem sinif, işçi, işverən anlayışları arası antaqonist münasibəti mütləqləşdirməsi, dramatizə edərək düşmənlik səviyyəsində ehkamlaşdırmasıdır. İşverən və işçini qarşı-qarşıya düşmən obrazlar kimi qoymaq isə həqiqi sağlam və rasional yanaşmanı iflic edir, işçi və işverənarası münasibətdəki antaqonistliyi minimuma endirməyə çalışmaqdansa, dramatizə edilmiş və mütləqləşdirilmiş düşmənçi ritorika ilə radikal ayrımçılığı doktrinləşdirməklə tərəflərarası geridönüşü olmayan qarşılıqlı düşmənlik münasibətlərini konseptləşdirir. Bu düşmən tərəf, düşmən obraz yaratmaq “ötəki qrup” psixologiyasını işə salaraq qarşı tərəfi gerçək şəkildə analiz etməyə imkan vermir, qarşı tərəfin üstünlüklərini emosinal durumla görməzdən gəlir. Düşmən obraz kimi identikləşdirdiyimiz tərəfə qarşı maksimum hücumçu mövqeydə oluruq. Yəni, əslində məsələ kapitalizmə, yaxud azad bazar anlayışına düşmənləşdirilmiş anlayışlar üzərindən hücum etmək yox, rasional şəkildə əskikliklərini, neqativ yan təsirlərini mübahisələndirərək reformasiya etmək olmalıdır. Dövrlər dəyişir, buna uyğun sosial davranışlarımız, maraqlarımız, mental vəziyyətimiz də dəyişir, yəni liberal bazarı hansısa bir dövründəki durumu ilə statik saxlamaq kapitalizmə fayda yox, zərər verə bilər. Kapitalizm daimi olaraq istehsalat sahəsinin yenilənməsinə təşviq edir. Məsələn istehsalatdakı texnologiyanın mümkün olan ilk fürsətdə yenilənməsi bu qəbildəndir. Bu baxımdan kapitalizmin texniki cəhətdən sabit bir çərçivəsi yoxdur. Əsas azad rəqabətli özəl təşəbbüsə əsaslanan bazar prinsiplərini saxlamaqla dövrün sosial davranış və tələblərinə uyğun özünü reformasiya edir/etdirir. Buna görə də 1800 və 1900-lərin ilk 50 illiyinin kapitalizmini əldə bayraq edib pisləmək, utopik və emosional poetik təfəkkürdən irəli gələn dövlət adlı ehtiyat edilməsi gərəkən dəhşətli bir monstru gücləndirmək yerinə, çalışmaq lazımdır ki, min illərin sosial təkamülü və mübarizəsi nəticəsində milyonlarla insanın qanı bahasına əldə etdiyimiz azadlıqlarımızı qarnımıza, yaxud cəsur yeni dünya xəyalına qurban verməyək. F.Hayekin müəllifi olduğu məşhur “Köləlik yolu” kitabında da qeyd etdiyi kimi, biz sadəlövhcəsinə elə bilirik ki, indi sahib olduğumuz bu azadlıqlar daimi olaraq bizim əlimizdə olub və heç zaman da bunlar bizdən alına bilməz. Buna görə də bunlar bizə adi gəlir, lakin azadlıqlarımızın min illərin amansız mübarizəsi nəticəsində min bir əziyyətlə, qanla əldə edilməsinə baxmayaraq onların itirilməsi çox rahatdır.

Marketoloqlar, reklamçılar üzərindən kapitalistik əmək münasibətlərinin tənqidi:

Kapitalizmin tənqidi müstəvisində növbəti hədəf marketoloqlar, reklamçılardır. Reklamçıların tənqidi bu bəsit yanaşma ilə qeyd edilir. Reklamçılar heç bir iş görmədən (burada fiziki iş görənlərlə müqayisə aparılır) qazanc əldə edirlər və bu da yenə əsassız olaraq önə sürülmüş ehkamçı, antaqonist, ədalətsiz yanaşmadır. Çünki reklamçılar və bazar araşdırmaçıları bəlli bir şirkətin qazancını artırırlar və onlar digər fiziki əməklə məşğul olanların zəhmətinə şərik olmur, əksinə qazanclarını artırdıqları ümumi faydanın bir hissəsindən alırlar, həmçinin artırdıqları fayda fiziki əməkçilərin qazancına ortaq olmaq yerinə, onlara daha çox maaş əldə edə bilmək imkanı verir, çünki şirkətin gəlirləri artdıqca işçilər əsaslandırılmış və əmin şəkildə şirkət rəhbərliyi önünə daha çox qazanc tələbi qoya bilirlər. Lakin satışları zəif olan bazardakı hissəsinin artması yerinə kiçilməsinə məruz qalan şirkətin işçiləri maaşlarını artırmaq tələbi qoya bilmirlər, hətta qoysalar belə bu mümkün deyil, əksinə işçi ixtisarları qaçılmaz bir hal olmağa başlayır. Ona görə də reklamçılar, bazar araşdırmaçıları böyütdükləri tortdan özlərinə bir dilim ayırırlar və bu tortun işçilərə düşən hissəsi də əvvəlki dilimlə müqayisədə daha böyük olur.

Bu kitabdakı yanaşmadan əlavə bir də ümumilikdə Erich From(Erix From) daxil bir çox sosialist intellektuallar var ki, reklamçılıqla bağlı bir çox ittiham irəli sürürlər. Onların əsas tezisləri bundan ibarətdir ki, reklamçılıq insanların iqtisadi davranışlarını yönləndirərək irrasional istehlakçı toplumu yaradırlar. Bu sizə ilk baxışdan doğru görünə bilər, təəssüf ki, populyar yazarlar, siyasi-protest tərz filmlər bu tezisi mütəmadiyyən vurğulamaqdadırlar. Lakin, bu səthi populist yanaşma ilə bir neçə mühüm məsələlər gözdən qaçırılır və bunun zərəri gözardı edilir. Birincisi, fərdlərin və ümumilikdə kütlənin irrasional davranışlarının olması su götürməz gerçəklikdir, necə deyərlər bu “default” sayılacaq insan ayarlarındandır. Ama bunun paralelində insanın rasional tərəfi də mövcuddur. Yox, biz insanı sadəcə irrasioanl və rahat manipulyasiya edilən varlıq kimi ələ alacağıqsa, avtomatik olaraq bu yanaşma buna bağlı digər yanaşmanı legitimləşdirir. Yəni, dövlətin paternalistik yanaşmasını. Paternalizm qısaca dövlətin valideyn, vətəndaşın valideynin iradəsi altında yönləndirilməsindən asılı uşaq olduğunu iddia edən yanaşmadır. Bu yanaşma, bir dəfə qəbul edildisə, bu yanaşmada hansısa müstəvidə bir dəfə kompromisə gedildisə, artıq mərhələ-mərhələ fərdin, vətəndaşın azadlıq müstəviləri daralmağa başlayacaq. Liberal siyasi-fəlsəfədə fərd, özü haqqında son qərarı verəcək yeganə müstəqil şəxsi ifadə edən qavramdır. Bu o deməkdir ki, heç bir insan və struktur onun yerinə qərar verə bilməz. O, digər insanlara açıq-aşkar zərər vurmayacaq hər şeydə azaddır. Bu vətəndaş və dövlət arasında dialektik münasibət yaradır. Əksi halda isə dövlət vətəndaşın şüuri yetkinliyinin olmamasını əsaslandıraraq müxtəlif formalarda onun azadlıq arealını məhdudlaşdırır, propaqanda təlimlərinə məruz qoyur, ən pik halında isə Sovetlərdə Qulaq, Çində ideoloji tərbiyələndirmə düşərgələri kimi Hitlerin nasist düşərgələrindən mahiyyətcə fərqi olmayan sistem yaradır. Bəli, sadəcə reklam məsələsində belə, vətəndaşın yetkinliyinin şübhə altına alınması sonrakı mərhələlərdə ilk baxışdan gözə görünməyən və geridönüşü olmayan istibdad totalitar rejiminin əsasını qoymuş olur. İndi isə gəlin, bu dediklərim ilə reklam və onun iddia edilən zərərlərinin müqayisəsinə baxaq. Təsəvvür edin bazarda çoxsaylı sahibkar var, bu o deməkdir ki, çoxsaylı müstəqil sahibkar olduğu üçün də bir məhsulun müxtəlif növləri olacaq və bazar da azad-bazar meyarlarına uyğundursa, əlbəttə, burada reklamlar olmasından təbii nə ola bilər ki? Birincisi, tibbi anlamda əqli problemi olmayan hər bir şəxs reklamın reklam olduğunu açıqca bilir, yəni o, bilir ki, reklamın məqsədinin reklam olunan məhsulun tərifi və satışının edilməsidir. Bu Ludwig von Mises(Lüdviq von Mizes) daxil klassik liberal iqtisadçıların dediyi “azad-bazar sisteminin istehlakçıların seçimlərindən asılı olduğu üçün demokratik prinsiplər üzərindən çalışır” tezisinin praktiki təsdiqidir. Yəni, necə ki, demokratik siyasi sistemdə partiyalar, müstəqil namizədlər özlərini, proqramlarını reklam etməyə məcbur qalırlar ki, seçki zamanı (obrazlı desək satış zamanı) məhz başqasına deyil, onlara səs verib seçsinlər(obrazlı desək onları alsınlar). O zaman biz eyni məntiqlə siyasi demokratiyanı da ləğv etməliyik ki, müxtəlif pis niyyətli, pis xarakterli siyasətçilər insanları manipulyasiya edərək hakimiyyəti ələ ala bilərlər. Bazarda bir çox məhsullar var, istehlakçının davranışlarının rasionallığını artırmaq və aldanmaması üçün iki şey edə bilərik. Yenə də bazara birbaşa despot kralın qılıncı ilə müdaxilə yox, bunun əvəzinə informasiya asimmetiriyasıyla bağlı problemləri aradan qaldırmaq və digər halların önünü almaq üçün istehlakçıların hüquqlarının qorunmasıyla bağlı qanunvericiliyi müəyyən etmək, keyfiyyət standartlaşdırılması ilə məhsulların zərərlilik dərəcəsini minimuma endirmək.(Keyfiyyət standartlaşdırılması bir çox liberallar üçün mübahisə mövzusudur, bunun üzərindən akademik debatlar aparıla bilər) Bundan başqa , reklamların yönləndirməsi səbəbindən istehlakçıların gərəyindən çox məhsul alması problemi isə sadəcə pis niyyətlilərin totalitar təfəkkürü ilə qabardılmış məsələdir. Hətta belə bir problem varsa da, yenə də yuxarıdan despotca müdaxilə yerinə, keyfiyyətli təhsil ilə ümumi toplumun intellektinin artmasına töhfə verməklə iqtisadiyyatda şəxslərin daha rasional davranışına nail olmuş olarıq. Bir insanın reklamlarla manipulyasiya edərək lazım olandan artıq məhsul alışverişi etməsi daha yumşaq haldır, nəinki bunu əsas gətirərək bazara müdaxilə etmək, insanın şüuri yetkinliyini şübhə altına alıb onun qərarlarına paternalist formada yönləndirmək. Sosialistlərin psixoloji olaraq ən böyük problemi onların “Tanrı kompleksi” daşımalarıdır. Onlar bütün insanların davranışlarında, düşüncələrində, meyillərində, qısaca həyatlarının hər sahəsində ağıllarında var olan bir modelə uyğun ən xırda detala qədər dizayn etməyə istəklidirlər. Məhz bu tarixin də, siyasi elmi ədəbiyyatların da göstərdiyi kimi totalitarizmin doğuşudur. Biz liberallar isə ilkin qəbilə, dövlət modellərindən, Fransa burjua inqilabına və İngiltərə sənaye inqilabına qədər var olan dövləti, siyasi elitaları tanrılaşdırmaq mentalitetinə əlehinəyik. Biz fərdi qüsurları ilə yanaşı müstəqil subyekt olaraq görür və heç bir halda hansısa mücərrəd üstağılın iradəsi altında kölə olmasına icazə vermirik. İnsanın səhv etməsi onun azadlığının bir hissəsidir, insanı səhv etməsini vahiməli bir şeymiş kimi təqdim edərək totalitar müdaxilələr etmək fərd üçün daha təhlükəlidir. Həm də bir fərd üçün deyil, bütün fərdlər üçün. Yəni kimlərinsə, axmaqlığının bədəlini bütün ağıllı insanlar da ödəmiş olur. Bir də son nəticədə hər kəs maddi gücü yetdiyi qədər istehlak edir, kreditləri də buna görə alır, əgər bir şəxs yetkin yaşda olmasına baxmayarq axmaq istehlakçıdırsa bu onun şəxsi problemidir. Bunun əksi yanaşma isə eynən İrandakı əxlaq polisinə də haq vermiş olur. Başları açıq geyinən qadınlar digər qadınların əxlaqını pozur, həm də kişilərin əxlaqını pozaraq təcavüzlərə təhrik edir. Yəni, biz insanı bu şəkildə problemli, qüsurlu varlıq kimi ələ alacağıqsa, irticanın, geriçiliyin istibdadına meydan vermiş olacağıq. Və necə də tragik bir haldır ki, hər zaman mücərrəd səbəblər tapılacaqdır. Bu, bir dəfə cəmiyyətin əxlaqı olacaq, bir dəfə millətin heysiyyatı, qüruru, maraqları və s. Sən ağıllı istehlakçı yetişdirmək istəyirsənsə, sənin edə biləcəyin şeylər öz evində ağıllı uşaq böyütməklə, yaxud ictimai video roliklər, yazılar və s. vasitəsi ilə bu kimi hallardan çəkindirmək məqsədli maarifəndirməklə, inandırmaqla qısıtlıdır. Liberal-demokratiyanın bu mövzularda bir ana prinsipi var: İNANDIRMAQ. İnandıran inandıra bildiyi ölçüdə istəklərinə nail olur, reklamçılıq da bu baxımdan inandırma üsullarından biridir. Həmçinin populist sosialistlərin digər sözlərindən biri də, əsasəndə qadınlar üzərində bədən estetikası müstəvisində standartların yaradılması ilə gözəllik sektorunun işləməsidir. Bu da yuxarıda deyilənlərlə çürüdüləcək məsələdir. Hər kəs hər şey deyə bilər, önəmli olan fərdin öz qərarıdır və sənin edəcəyin də yenə də əks təbliğatla inandırmaqdır. Qoy, kimsə “İphone”- nun bir üst modelini əldə etməyi sosial statusun yüksəldilməsinin və özünütəsdiqin bir hissəsi kimi görsün. Bu kimi adamların iqtisadi müstəvidəki davranışlarının statistikaları bizə toplumun mənəvi və intellekt olaraq hansı səviyyədə olması haqqında bilgilər verəcək, buna uyğun təhsil siyasəti qura boşluqlarımızı görə bilərik, yazarlar maarifləndirmə işində daha çox çalışa bilərlər, amma ənənəvi Sovet sistemində olduğu kimi bütün problemləri xalçanın altına süpürmək bizə ali insan növünü inkişaf etdirməyə imkan verməyəcək, amma dəqiq olan budur ki, hər zaman bir üst ağıla ehtiyac duyan kölələr sürüsü əldə edəcəyik.

Kapitalist itqisadi sistemdə periodik olaraq böhranların baş verməsilə bağlı tənqid:

Kapitalizmin həm bu kitabda, həm də ümumən bütün sosialist diskurslarda ən çox tənqid olunan tərəfi periodik böhranlara düşməsi, aclıq və yoxsulluq həddində olan insanların mövcud olmasıdır. Təbii ki, böhranlar danılmaz gerçəklikdir, ancaq bu təkcə kapitalizmə aid bir şey deyil, bu ümumilikdə siyasi idarəetmədən qaynaqlanan problemdir. İstər Sovetlər dövrünə, istər Çin, Kuba örnəklərinə baxın, böhran zamanları aclıq, yoxsulluq durumlarının ümumi əhaliyə nəzərən nisbət hesablamasının yüksək olması göz önündə olacaq. Sovetlərdəki talon sistemi, çörək quyruqları, Sovetlərin idarəçiliyində olan Ukraynada 5 milyon civarında insanın ölümünə gətirib çıxaran Holodomor adlanan dəhşətli aclıq fəlakəti var[9]. Düzdür, Holodomor hadisəsi qəsdli şəkildə bir toplumun ac buraxılması idi, bu da özlüyündə bir daha yuxarıdan məcburi şəkildə sosialistləşdirmə siyasətinin F.Hayek, Lord Akton və digər bənzər fikir müəlliflərinin də qeyd etdiyi kimi, necə də totalitarizmə, insanların azadlıqlarını və həyatlarını itirməsinə yol açır. Çinin, Şimali Koreyanın isə müvafiq dövrdəki sənaye, sosial-iqtisadi rifah durumları hədsiz aşağı idi. İndinin özündə də həmin dövrdən yeganə orijinal qalan qapalı Koreya sistemi aclıq, səfalət içindədir, texnoloji yeniliklərdən məhrumdur. Kənd təsərrüfatındakı texnoloji gerilik məhsuldarlığı məhv edir, həmçinin media, internet, yüksək texnologiyaların əldə edilməsi, yaxud hazırlanması ümumdünya elm, texnologiya sferasına insanların, tələbələrin inteqrasiyası olmadığından reqressiya ən pik həddədir[10]. Çinin yüksəlişi onun texnoloji və oxşar sahələrdə özəl təşəbbüsə, startaplara imkan tanımasıdır, ən azı bir yerə qədər, həmçinin nə qədər qapalı sistem olaraq qeyd etsək də, dünya ilə kommunikasiya, qlobal bazara inteqrasiya məsələlərində də ciddi irəliləyişlər var.[11] Məsələn Apple, Nike, KFC və digər çoxmillətli korporasiyalara ya ev sahibliyi edir, ya da öz bazarını onlara açıb və bununla da həm gəlir əldə edir, həm bu şirkətlərin tələbi olan azad bazar mexanizmlərini müəyyən səviyyədə də olsa təmin edir, həmin şirkətlərdən də öz şirkətləri mütərəqqi standartlar götürür, yerli professioanl kadrlar, həmçinin Huawei, Xiaomi kimi brendlər yetişir.[12] Əslində Çin Sovetlərin çöküşündən bu yana dünya ilə kommunikasiyada daimi olaraq öz totalitar sistemlərini qorumaq çərçivəsində olsa da açıq olub. Nəticədə Çin reqressiya əvəzinə proqress etdi. Həmçinin elm və təhsil sahəsində də rahatlıqla xarici tələbələrin qəbulu, mübadilə proqramlarına qoşulması yerli gənclərin xüsusi nəzarət altında da olsa xaricə göndərilməsi buna imkan tanıyır[13]. Həmçinin Çinli professorlar ABŞ, Britaniya kimi bir çox inkişaf etmiş Qərb ölkələrinin universitetləri ilə elmi-işgüzar əlaqələrdə olurlar. İstər kosmos, istər digər elm sferalarında birgə çalışırlar. Çin bu sahələrə investisiya qoymağa da xəsislik etmir. Qısacası, iqtisadi böhranların, yaxud iqtisadi səfalətin olması siyasi idraəetmə ilə bağlıdır, bu ya yaxşı idarəetmənin olmaması ilə, ya da səriştəsiz idarəetmə ilə əlaqədar olur. Bu mövzuda Şimali Koreya ilə Cənubi Koreyanı, ABŞ Arizonası ilə Meksika Arizonasını və digər bu kimi əsaslandırılmış müqayisə nümunələrini ələ alaraq incələyən D.Acemoğlu ilə James A. Robinsonun müştərək yazdığı “Millətlər niyə tənəzzül edir ?” kitabı yaxşı yol göstərici ola bilər[14]. Günahlandırmalar həm də bir azlıq qrupun parazit kimi çoxluq qrupun işləməsi hesabına yaşaması üzərindən edilir. Bu yanaşma da ümumilikdə ədalətsiz olması ilə yanaşı həm də savadsız yanaşmadır. Birincisi, Norveç, İsveç, Almaniya kimi hətta məhdud sol proqramların olduğu bir ölkədə bu yarı sol-iqtisadi sistemin yaratdığı bir çox problemlər var və ümumilikdə bu ölkələrin iqtisadi uğurları rifah dövləti modelinə yox, 1930-cu illərdəki liberal-iqtisadi dövrə gedib çıxır[15] və burada bir çoxları min bir bəhanə ilə işləmək yerinə işləyənlərin vergiləri hesabına başa gələn sosial paket yardımlarından sui-istifadə edirlər[16]. Əslində, bu o insanların günahı deyil, bu sistemin boşluğudur. Biz qurduğumuz iqtisadi, siyasi modellərdə daimi olaraq insanın konformist, mənfəətcil, opportunist təbiətini nəzərə almalıyıq. Xəyalımızdakı ideal insan modelinə uyğun yox, əlimizdəki Tomas Hobbsun insan modeli üzərinə fokuslanaraq rasional və adekvat sistem qurmalıyıq. İkincisi burada parazitlər olaraq işarə edilən işverən sinifdir, bu emosional və düşməncə yanaşma gerçəkliyi alqılamağa imkan vermir. Əlində sərmayəsi olan sinif öz sərmayəsini risk edərək iqtisadiyyata qoyur, iqtisadiyyatı canlandırır, işçilər götürür bazardakı əmək fəaliyyətini yerinə yetirmək arzusunda olub da işsiz qalan insanlara bir şans tanıyır. Vergiləri ilə dövlətin büdcəsinin dolayısı ilə digər insanların da faydalanmasına şərait yaradır. Şirkətin risk paylarını özü üzərinə götürür və s bu adam ola bilsin ki əlinə əskini alıb şüələri silmir, yaxud əli ilə paketləmə işini etmir, mismarları çəkiclə vurmur ,amma o bundan daha çətinini sərmayəsini risk altına qoymaqla və hər daim risk məsuliyyətini, stresini üzərində daşımaqla və işçinin gözüylə görmədiyi ticari əlaqələri genişləndirmək, bazardakı risk hesablarına uyğun strateji inkişaf etdirməklə məşğul olur.

Şirkətlərin məhsulları daha baha qiymətə satmaq üçün müxtəlif bəhanlərlə həmin məhsulların korlanmasını əsas gətirməsi:

Bu yanaşma da özlüyündə birtərəfli yanaşmadır. Çünki kitabda da qeyd edildiyi kimi bazarda irili-xırdalı bir çox şirkətlər vardır. Əgər bir şirkət məhsullarını istehsalatın çoxluğu ucbatından ucuz satmaq istəmədiyində onun yerini fürsət gözləyən daha xırda şirkətlər bazara daha çox məhsul çıxarmaqla (əldə etdikləri kreditlərlə də olsa belə) doldurmağa başlayır. Belə olduğu təqdirdə, ya əvvəlki qiymətlə, ya da bir az artıq qiymətlə xırda şirkət bazarda öz payını artırmağa çalışır, bu zaman da böyük şirkət aşağı qiymətlə satmamaq bahasına bazardakı payını itirir, buna görə də iri şirkətlərin bu kimi davranışları nadir olacaqdır. Onsuz da iri şirkətlər anti-inhisar qanunları çərçivəsində fəaliyyət göstərirsə bazardakı yeganə payçı deyildir, bu da onun daimi tətikdə olması üçün vacib məqamdır. Lakin sosialistlər liberal-bazar anlayışına da öz sosialist iqtisadi sistemlərində olduğu kimi, dövlətin əlində cəmləşən vahid bazar paradiqmalarından yanaşdıqlarından hər şeyin rəqabətsiz vahidin iradəsindən asılı olduğunu düşünürlər.

Kapitalizmin savaşla bağlı suçlanması:

Bu, ümumiyyətlə, çox geniş bir mövzudur və bu qədər dərin və geniş bir ölçüdə araşdırılan disiplinlərarası mövzunu sadəcə çox bəsit formada bir iqtisadi quruluşun üzərinə yıxmaq savadsızlıq yox, açıq-aşkar qərəzlilikdir. Kollektivlərarası savaşları əlimizdəki yazılı tarixin istənilən dövlərinə baxsaq görə bilərik. Öz növümüzə ən yaxın olan şimpanzelər və ən barışyanlı primat olan bonobolarda belə bunu görə bilərik. Savaşmaq bizim sağ qalmaq uğrunda mübarizə instinktimizin yan təsiridir. Etologiyanın banilərindən biri olan Konrad Lorenz iddia edir ki, aqressiya təkamül prosesində formalaşmış və bioloji olaraq mənimsənilmiş davranış formasıdır. Bu baxımdan, insan təcavüzü və qəddarlığı anadangəlmə və ya “təbii”dir.[17]Biz öncəliklə bunu qəbul etməli, öz bioloji kimliyimizi tanımalı, sonra onun bu neqativ yan təsirlərinin patolojik hal almasının önünü almaq üçün tədbirlər görməliyik. Sosialistlərin ən çox istifadə etdiyi qardaşlıq, bərabərlik, sevgi kimi gəlişigözəl poetik təfəkkür məhsulu olan pafoslu sözlərdən qaçmalıyıq. Çünki bu bizə gerçəyi görüb təhlil etməyə və təhlil edərək əldə etdiyimiz nəticələr üzərindən tədbirlər görməyə imkan vermir. Bu mövzularda sosialistlərin ritorikası dəvəquşunun təhlükə anında bədəninin çöldə qalmasına baxmayaraq başını quma soxaraq gizləndiyini, təhlükəni özündən sovuşdurduğunu zənn etməsi ilə oxşardır. Burada da məqsəd siyasi sistemimizi xəyalımızdakı ideal insan davranışları üzərinə inşa etmək yox, elmi incələmə altında əldə etdiyimiz insan təbiəti və davranışları üzərinə onun həm də neqativ tərəfini nəzərə alaraq bu tərəfləri kontrolda saxlayan sistem yaratmaqdır. Məşhur primatoloqlardan biri olan Frans De Waal ( Frans de Vaal) “İçimizdəki meymun” adlı kitabında şimpanzelər üzərində çox nadir rastlanan bir müddətə - 60 illik bir araşdırma edən primataloq və antropoloq Jane Goodall-a (Ceyn Qudol) istinadən şimpanzelərin də daxili qrup və xarici qrup fərqlərini anladıqlarını, qrupdaxili döyüşlərlə müqayisəyə gəlməyəcək ölçüdə xarici qruplara qarşı amansız savaşlar verdiklərini, ərazi üzərindən hegemonluq qurmaq üçün çalışdıqlarını göstərir.[18] Ümumən kollektivdə yaşayan canlılar (meymunlar, insanlar, qarışqalar və s) müharibə dediyimiz kollektiv savaşı tez-tez edirlər. Tək yaşayan canlılar əsasən fərdi davalarda olduqlarından bu savaşlar həm uzun çəkmir, həm sonrakı nifrət mərhələsi üçün sistematik zəmin yaratmır. Lakin, sürüdə yaşayan canlılararası savaş çox daha əhatəli, uzunmüddətli olur. Sürü quruluşlarından dolayı toplu halda bəlli bir yerdə məskunlaşmaları onların ərazi anlayışını güclü edir və ərazi üzərində davaların çoxluğu da qaçılmaz olur, çünki sürü böyüyür, yaxud olduğu ərazinin qida potensialını istifadə etdikdən sonra yeni ərazilərə ehtiyac duyur.[19] İnsanın beyninin potensial olaraq daha inkişafetmiş olduğunu nəzərə alaraq onun yaddaşının, xəyali abstraksiyalar yaratması bacarıqlarını ələ alaraq keçmiç üzərində hekayə quruculuğu münaqişələrin nəsildən nəsilə ötürülməsi kimi acılı gerçəkliyi də təəssüf hissi ilə əlavə etməliyik. Müasir siyasi-tarixi ritorikada buna “qan yaddaşı” deyirik. Həmçinin başqa bir primatoloq Desmond Morris canlıların oyun oynarkən pəncələrinin, dişlərinin gücündən həqiqi anlamda istifadə etmədiklərini, amma onlar savaşda olduqlarında ölümcül hücumlar etmələri üçün istifadə edtiklərini, həmçinin qrupdaxili və qrupxarici hücum etmənin fərqli motivlərdən qaynaqlandığını qeyd edirdi.[20] Yəni qrup ilə özünü assosiasiya etmə bizim ən yaxın qohumumuz olan şimapanze və bonobolar da daxil digər sürü formasında yaşayan canlılarda mövcuddur. Təbii ki, canlılar arasında ortaq əcdad yaxınlığı uzaqlaşdıqca onların davranışlarında da ciddi fərqlər olur. Bu baxımdan, bizim ən çox incələməyimizə ehtiyac olan meymunlar sinfi - ən əsas da şimpanze və bonobolardır. Halbuki insanın sosial tarixinə baxdığımızda onun Şimpanzelərlə daha çox oxşar sosial quruluşalara, davranışlara sahib olduğunu görə bilirik. Həmçinin Jared Diamond (Cared Daymond) hətta soyqırım kimi bir dəhşətli davranış motivinin yalnız insanlarda olmadığını, həm də digər canlılarda müşahidə olunduğunu qeyd edir.[21] Məsələn, yenidən Jane Goodall araşdırmalarına qayıtsaq bir qrupun erkəklərinin digər qrup erkəklərini yox etməsi, balalarını öldürməsi, xüsusi ilə döyüş zamanı nəsil artırma funksiyasını sıradan çıxarmaq üçün cinsi orqanlarını hədəf almaları diqqətə layiq hadisələrdir. Bu soyqırımdır. Heyvanlar arasında işgəncə faktorları, kin bəsləmə səbəbindən və vurulacaq zərərin artırılması üçün hücumun planlaşdırılması da mövcuddur. Həmçinin Desmond Morrisdən əlavə Frans De Waal-ın da qeyd etdiyi kimi aqressiya göstərmənin qrupdaxili forması ilə qruplararası forması fərqlənir. Daxildə müəyyən bir ölçüsü olan aqressiya göstərmək kollektivlər arasına keçid edəndə sərhədsiz hal alır. Heç bir mərhəmət, yaxud özünü cilovlama yoxdur, ta ki qarşısındakı rəqib ya itaətkarlıq işarələri göstərəcək, ya da öləcək. İnsanlara gəldikdə, burada çox da danışmağa gərək yoxdur, hər şey aydındır. Çünki şimpanzelər kimi biz də, qrupxarici olanları başqa növmüş kimi xarakterizə edərək, sərhədsiz aqressiya göstəririk. İnkişaf etmiş odlu silahlar, uzaqmənzilli raketlər istifadəsiylə canlılarda instinktiv şəkildə var olan, döyüş zamanı tərəflərdən birinin bədən dili ilə mərhəmət istəməsi, tabeçiliyi qəbul etməsi nəticəsində bizim də buna cavabdeh instinktiv duyğularımızı işə salan proses yoxdur. Çünki biz artıq bunu görə bilmirik. Qarşı tərəfdəki insan topluluğu onu ballistik raketin koordinat monitorundan müşahidə edən əsgər üçün sadəcə bir hədəfdir. Sadəcə soyuq rasional hesablamaların müşayiətində heç bir emosional bağın qurulmaması nəticəsində təməli duyğulardan irəli gələn əxlaqi dəyərləndirmənin, empatiyanın yoxluğu ilə insan kollektivlərinin müharibələri dəhşət və şiddət ölçüsündə bütün canlılararası savaşı müqayisəyə gəlməz ölçüdə geridə qoyub. İnsanlıq tarixində savaşlar müxtəlif səbəblərlə, motivlərlə olub. Hətta ən qədim ilkin qəbilələr dövründə belə axirət dünyasına inamın yarandığı 300 min il keçmişə qədər uzanan Orta Paleolit dövründəki dəfn etmələr zamanı belə görə bilərik ki, insanlar öz silahları ilə basdırılıblar.[22] Yəni, silah istifadəsi ov etmək və heyvandan müdafiə üçün nəzərdə tutulduğu qədər, digər qrupa qarşı istifadəsi də istisna edilməyib. Əlavə olaraq, məsələn xaç yürüşləri kimi dini motivli savaşlar çox maraqlıdır. Hətta ərəb qəbilə başçısı Məhəmmədin də din savaşları bu qəbildəndir(uzatmağa gərək yoxdur, çünki tarixin istənilən dövrü üçün istənilən mənbədən dini motivli savaşlar haqqında məlumatlar tapa bilərsiniz) İnsanlararası savaşlar özlüyündə var olan bir pataloji durumdur, sadəcə zamana, yerinə görə motivləri, bəhanələndirmələri dəyişir. Din savaşlarının yerini Vestfaliya anlaşmasından üzü bu yana millət-dövlətlərin təşəkkül tapması ilə etnik-milli savaşlar alır. Ən dəhşətli örnəklərindən biri də ikinci dünya müharibəsində Nasist Almaniyasının yəhudiləri hədəf alması idi. Frans De Waal bunu “günah keçisi” olaraq təsnifləndirməkdədir. Amma xüsusilə diqqətə almağınız lazım olan budur ki, Sovetlərin sosializm uğrunda savaşları, repressiyaları da bu qəbildəndir. Ukraynadakı Holodomor hadisəsi, yaxud yəhudilərin həm etnik, həm də kapitalist kimlik üzərindən hədəf göstərilərək sürgün edilməsi çox duyğulu bir hadisədir.[23] Daha sonra sosialist vətənin müdafiəsində duran sosialist qəhrəmanlar Berlinə girdiklərində 2 milyon civarında alman qadınlarını zorladılar.[24] Sosialistlərin “sosialist əxlaq” haqqındakı fikirlərinin təbirincə desək “sosialist əxlaqla” yetişdirilən gənclərin bunu etməməsi lazım idi. Amma tipik bir quldar qəbilə əsgərləri, yaxud ortaq əcdadı bölüşdükləri şimpanzelər kimi məğlub etdikləri qrupun qadınları ilə cütləşdilər. Biz buna zorlama deyirik, meymunlar üçün isə bu tam təbii, qrup üstünlüyünü bərqərar etmə üçün son nöqtə anıdır, genlərinin digər qrup qadınlar üzərində çoxaldılması o qrupun genetik olaraq yox edilməsidir. Yəni, sosialistsən, yaxud yox, bu nəyi isə dəyişmir. Sovetlərin Əfqanıstana müdaxiləsi, Sovet Rusiyasının quruluş zamanı söydükləri və inkar etdikləri Çar Rusiyasının mirasına sahib çıxaraq 14 respublikanın yenidən işğalı da bu qəbildəndir. Yəni işğal və müharibə kapitalizmin məhsulu deyil. Lakin biz bunu anlamaqla bərabər, bu savaşların qarşısının alınmasını həyata keçirməliyik. Frans De Waal və digər konsensusçu primatoloqların təbirincə desək, insan həm də özünün sülh tərəfinin fərqində olmalıdır, bütün pislikləri “təbii və təbiət” terminləri ilə legitimləşdirməməlidir. Sosialistlərin iddiasının əksinə, müharibələr tarixi siniflərarası mübarizə tarixi deyil. Bunun ən yaxşı sübutu da istər Nasist Almaniyasında, istər Turkiyənin “İstiqlaliyyət” savaşında, istər Azərbaycanla Ermənistan arasındakı savaşda hətta yoxsul insanların vətənpərvərlik, millətçilik hissləri ilə savaşa dəstək verməsidir. Həmçinin zəngin siniflərə qarşı nifrətin də var olduğu, sosialistlərin dili ilə desək, sinif şüurunun olduğu toplumlardır. Qısacası bizim məqsədimiz müharibələri minimuma endirəcək dövlətlərüstü qurum olan BMT-nin daha da səlahiyyətlərinin gücləndirilməsi, birbaşa müdaxilə imkanlarının artırılması, beynəlxalq tribunalın məcburi olması, həmçinin iqtisadi-ticari əlaqələri elə bir səviyyədə inteqrsiya etdirməkdir ki, “A” ölkəsi ilə “B” ölkəsinin savaşı onların iç-içə keçmiş iqtisadi əlaqələrini məhv edəcəyindən və ümumilikdə dünya iqtisadiyyatına təsirli olacağından müharibələrin faydasız, bahalı akt kimi qəbul edilməsinə çalışmaq lazımdır. Lakin, bunun əksinə sosialistlərin poetik təfəkkürü ilə məsələlərə populistcə yanaşmaq heç bir problemin çözümünə rəvac vermir. Deyək ki, biz kapitalizmi sosializmlə bərpa etdik, birincisi, bütün dünya dövlətlərini sosializmə keçidə razı sala biləcəyikmi, nəzərə alsaq ki, modern və əxlaqlı sosialistlər keçmiş tarixlərindən utandıqlarından siyasi demokratiyanı inkar edə bilmirlər, belə məqamda proletariatın “qırmızı terroru” ilə deyil, demokratiya ilə əldə edilən sosialist hakimiyyət bütün dünya ölkələri üzrə eyni andamı bərqərar olacaq? Yox, eyni anda bərqərar olmayacaqsa, sosialist ölkələrin kapitalist ölkələr ilə qarşılıqlı əlaqələri yeni bir soyuq müharibəyə, daha sonrasında tarixən bir addımlığından dönülən məşhur “Kuba böhranı” adı ilə tanınan nüvə müharibəsi təhlükəsinə rəvac verməyəcəkmi ? Yaxud, deyək ki, bərabər şəkildə hakimiyyətə gəldilər; növbəti seçki dönəmində belə bir qarantiya varmı ki, sosialist hökumət hakimiyyəti əlində saxlayacaq, liberallar onu əvəzləməyəcək ? Yoxsa hakimiyyət bir dəfə ələ alındıqdan sonra istər teokratik İranda, istər sosialist Rusiyada, Çində, yaxud xunta rejimləri olan Suriyada, Misirdə olduğu kimi hakimiyyət nəyin bahasına olursa-olsun qorunacaq, əks qüvvələr isə anti-milli ünsür, işçi düşməni, din düşməni, xarici dairələrin agenti və tarixin yaxından şahidlik etdiyi digər müxtəlif düşmən etiketləri ilə marginallaşdırmasına, zorakı yolla basdırılmasına çalışılacaq? Yoxsa, George Orwell-in (Corc Oruel) məşhur “1984” romanındakı kimi daimi xarici düşmən obrazları ilə daxildə siyasi totalitar səfərbərlik aktiv tutulacaq? Yoxsa, siz sosialistlər, Karl Popperin təbirincə desək, zəmanət verirsiniz ki, cənnəti qurduğunuzdan dolayı və Platondan bu yana ən ağıllı da siz olub, hər kəsin yerinə qərarvermə üstünlüyünüz olduğu üçün[25] heç bir kəs əks “naxələf” fikirlərə düşməyəcək və bərqərar edilən sistem davamlılığını əbədiyyən sürdürəcək? Amma sizə məhz Marksdan bu yana əzbərlədiyiniz Hegelə aid dialektika nəzəriyyəsinə istinadən pis xəbərim var, tarix antaqonist hadisələrin vəhdətiylə mövcuddur və bu hansısa son bir nöqtəyə kimi davam edəcək, amma inanın mənə, hansısa siyasi sistemi zorakı yolla dəyişmək insanın, dialektikanın son məqsədinə şüurlu olaraq çatması demək deyil. Ən bəsit örnək olaraq məhz yenə də yenidən Sovet rejiminin və əsrgərlərinin Berlində, Ukraynada etdiklərini, daxildəki amansız repressiya dalğasını və s. qeyd edə bilərəm. Yox, digər formada Marksın kapitalizmin son mərhələsi sosializm üçün başlanğıc təməl olacaq deyirsinizsə, o zaman kapitalizmin daxilindəki mənfilikləri, kənar təsirləri (side-effects) utopik sosialistlər, reformistlər, düşmən olaraq kateqorizə etdiyiniz revizionistlər kimi düzəltmək təklifləri ilə yardıma çalışın, yoxsa eyni əsrdə, eyni ildə mövcud olsa da iqtisadi, siyasi və şüur müstəvisində bir-birindən yüz illik fərqi olan dünya ölkələrinin sosializmə keçid üçün eyni anda hazır olacaqlarını düşünməyin. Daha pis bir məsələ isə insanların düşmənlik və qrup assosasiyasının, yad qrup yanaşmasının müxtəlif müstəvilərdə davam etməsi olacaq. Millət anlayışı hələ çox əsrlər canlı qalacaq, çünki millət qavramını müstəqil subyektə çevirən dil, din, irq, kültür fərqləri mövcuddur. Və bu fərqlər bir qrupun digər qrupu ötəkiləşdirməsinə səbəb olur. Məsələn, Romalıların digərlərini özlərindən ayırmaq və aşağı olduqlarını göstərmək üçün “barbar” kəlməsindən istifadə etməsi, Fələstinlilərin İsrailliləri “Allah” tərəfindən lənətlənmiş millət olaraq görməsi və s. Şimpanzelərdə də müxtəlif fərqləndirmələrə görə qrup ötəkiləşdirilməsi mövcuddur.[26] Yaxud adicə futbol klublarını dəstəkləyən insanların kollektiv surətdə bir-birinə hücum etməsi də kollektiv cinayətlərlə, qrup ötəkiləşdirməsi və qrupla assosasiyanın pik həddi olan fanatizmlə bağlı əslində sizə çox şey göstərməlidir. Sosial durumundan asılı olmayaraq insanların qruplara ayrılması onların arasında münaqişəni yaradır. Əməyin təmərküzləşdirilməsi də buna son qoymayacaq, yenə də işçi və işçilər daxil hər kəsin yerinə qərar verən idarəedənlər sinfi olacaqdır. Biz isə əlimizdə olanlara nəzərən elə bir sistemi bərpa etməliyik ki, bütün bu qorxulu neqativ tərəflər özlüyündə minimuma ensin. Sosialistlərin etdiyi isə kollektiv düşmənçiliklərdə sadəcə A-nın yerinə B-ni qoymaqdır. Məsələn, tarixi kitablarda gördüyümüz kimi SSRİ daxilindəki sosialist inqilabın hədəflərinin yerinə yetirilməsi, həm digər yerlərdə baş verən sosialist inqilablar, ayaqlanmalar zamanı milli, etnik və dini düşmənliklər yerinə sinfi düşmənlikləri qoyaraq burjua sinfini monstrlaşdırmaq, qətl etmək var. Lakin, liberal demokratiyada hər fərd dəyərlidir. Mübarizəmiz isə insanları qruplar halında kateqorizə edərək hədəfə, düşmən tərəflərə çevirmək yox, var olan konfiliktlər arasında çözüm, konsensus tapa bilməkdir. Həmçinin iqtisadiyyat daxil bütün siyasi sferanın da vahid mərkəzdə cəmlənməsi ilə sülh dünyası quracağını düşünmək sadəlövhlükdür, çünki problemlər hər zaman olacaq və bunlar pərakəndə baş verir, həll edilməsi də pərakəndə yanaşma ilə olmalıdır. Yəni, hər sferanın özünə uyğun təşkilatlarının, fikir adamlarının, maraq qruplarının işləməsi daha effektivdir. Prosesi yuxarıdan şaquli şəkildə dizayn etmək yox, aşağıdan üfüqi və pərakəndə şəkildə, sadəcə digər sferalardakı iş görənlər ilə müştərək qarşılıqlı əlaqələr əsasında çözümləməyə çalışmaq lazımdır. Bu hissə barədə çox yazmaq olar, lakin bu, ayrıca konfiliktologiya və digər əlaqəli disiplinlərarası elm sahələrinin araşdırma predmetidir.

Fövqəladə hallarla bağlı məsələlərdə kapitalist sistemin vecsiz olması:

Bu ABŞ-da vadinin sel basması, mədən obyektinin partlaması ilə bağlı göstərilir. Aidiyyəti şirkətlər buna etinasız yanaşırlar, qazanclara görə. Bu da məqsədyönlü şəkildə deformasiya edilmiş məsələdir. Çünki bu kimi hallar siyasi idarəetmədən qaynaqlı məsələlərdir. Və bunun ən bəsit çözümü liberalların da qızğınlıqla müdafiə etdiyi əkmərkəzləşmə(desentralizasiya) prinsiplərinə uyğun olaraq yerli idarəetmə sisteminin güclü olmasıdır. Bu o deməkdir ki, yerli idarəetmə orqanlarında təmsil olunanları sən seçirsən və onlar hansısa şirkətin, yaxud mərkəzi idarəetmənin maraqlarından çox sənin maraqlarınla məşğul olurlar. Çünki buna məcburdurlar, yoxsa orada təmsil oluna bilməyəcəklər. Bu da yenə sosialistlərin çox zaman burjua oyunu kimi baxdıqları demokratiya prinsiplərinin əsasında bərqərar olur. Həmçinin bu kimi tezislər qeyd edildiyi zaman (bu kitabın yazılma tarixinə düşmür) 1986-cı ildə insanlıq tarixinin ən dəhşətli fəlakətlərindən olan Çernobıl hadisəsini xatırlamaq lazımdır. Bu hadisə məhz sosialist, totalitar, hər kəsin yerinə ən “ağıllıların” qərar verdiyi kəndli-fəhlə diktaturası, insanlığı kapitalist vəhşilərdən qoruyan, xilaskar qırmızı ölkənin proletariat hökumətinin idarəsi altında olmuşdur. Baş verənlər məhz korrupsiyanın tüğyan etməsi, yerli idarəetmənin zəifliyi, maraqlı olmaması, “hər şeyi ört-basdır etsinlər təki yuxarıdan adlarına ləkə gəlməsin ,əksinə yaxşı idarəetməyə görə təltif edilsinlər”düşüncəsinə, dövlətləşdirmə sistemi olduğundan ayrılan pulları yemələri ucbatından olmuşdur. Təsəvvür edin ki, o Atom Elektrik Stansiyası hansısa özəl şirkətin nəzdində idi, bu zaman kapitalist ona belə səhlənkarlıq edərdimi? Etməzdi. Çünki birincisi, bu onun qazanc yeridir, ikincisi böyük təhlükədir, hər hansı hadisə onun məhvinə apara bilər, üçüncüsü daimi olaraq dövlətin ekoloji və digər qurumları nəzarətdə saxlayacaqdı. Ən əsası isə azad medianın olduğu, sakinlərin də rahatca azad məhkəmə, partiya, QHT-lər və digər ictimai kollektivlər və üsullar ilə siyasi təzyiqlərdən istifadə edə bilməsindən dolayı bu kimi təhlükəli obyekti kapitalist daimi nəzarətdə saxlayacaqdı. Yaxşı insan olduğu üçün deyil, buna məcbur olduğu üçün. Məhz yuxarıda da qeyd edilən əsas məsələ budur, sistemi xəyali olaraq yaratdığımız yaxşı insan üzərinə qurmaq yox, insan təbiətinin neqativ gerçəkliklərini də göz önündə saxlayaraq məhz bu tərəfini cilovlayan sistem qurmaqdır. Hələ daxildə işçilərin belə özəl müəssisədə necə daha çox cavabdeh, məsuliyyətli olmalağa məcbur hiss etdiyini demirəm. Bununla bağlı sizə bir neçə mənbə təqdim edəcəyəm, amma siz özünüz də özəl və dövlət sektorunda işləyən insanların iş fəaliyyətini müqayisə edə bilərsiniz.

Bu sahədəki bəzi məqalələr: https://www.sciencedirect.com/science/article/pii/S1517758017300243, Public Versus Private Employees: A Perspective on the Characteristics and Implications - Dimple Sunayna Johnson, 2020 (sagepub.com), https://www.scielo.br/j/rbgn/a/9ZwFjK9HktzjgqjtTCxzSgp/#.

Elə bu kontekstdə irəli səhifələrdə sosializm və əməyin təmərküzləşdirilməsi, kollektiv əməkdaşlıq ilə irəli çıxacaq xalqın qardaşlığı, cəmiyyətin hüzur içində olması, bərabərliyin hakim olması kimi sözlərdən istifadə edilir. Bu da yenə poetik təfəkkürün içiboş populizmləridir. İnsanlararası rəqabətlər olacaq, kateqoriyalaşdırma olacaq - bu, bizim bioloji tərəfimizdir, sadəcə çalışmağımız lazım olan bu kimi problemləri göz önündə saxlayaraq sistemi daimi reformasiya etməyimizdir. Həmçinin qardaşlıqdan, sinfi bərabərlikdən bəhs edən sovetlərdə insanlar həqiqətən bütün paxıllıq, rəqabətlilik, acgözlük, üstünlüklə fərqlənmək davranışlarından xilas ola bilmişdilərmi ? İnsanların bir çoxu bəlkə də bahalı maşın alıb, villa tikdirə bilmirdi, amma nüfuz göstəriləri müxtəlif müstəvilərdə davam edirdi. Bir-biriləri haqqında “donos” yazaraq işindən etmək, həyatını əlindən alacaq ölçüdə şərləmək bu sistemin içində insanların ən çox etdiklərindən idi.

Şirkətlərin dövlətləşdirilməsindən sonra fərdi yarar yerinə kollektivin yararına xidmətçi olma yanaşması da utopik, irrasional təfəkkürün yanaşmasıdır. Gözəl vədlərdir, amma heç bir rasional ölçüsü, hesab-kitabı yoxdur. Xalq yararı, ürəyitəmiz idarəedicilər və bu kimi digər sözlər heç bir rasional, empirik dayanağı olmayan içi boş pafoslu ifadələrdir. İqtisadiyyat isə pafosu sevmir. Yalnız reallığa indekslənmiş davranış, tədbirlər, mexanizmlər işləyir.

Miras məsələsi:

Kitabda miras və vərəsəlik haqqında sentimental duyğuları manipulyasiya edən sosialistcə yanaşmalar isə həqiqətin təhrif edilməsindən başqa bir şey deyil. Qeyd edilən fikir bundan ibarətdir ki, bir fərdin valideynindən miras əldə etməsi digər şəxslərə qarşı haqsızlıqdır. O, bu miras vasitəsi ilə işləmir, heç nə etmədən zəngin olur, banklara bu pulu depozit kimi yatıraraq oturduğu yerdən pul qazanır və bu beləcə davam edir, yaxud bazarda özəl təşəbbüs baxımından ədalətsiz yarış olur. Birincisi, ədalətin təməli azadlıqdan başlayır. Azadlığın olmadığı yerdə heç bir gerçək ədalətdən söhbət gedə bilməz. Azadlığın olmadığı yerdə danışılan ədalət sadəcə gözboyama və manipulyasiya vasitəsidir və bu istər sosialist fikir tarixinin, istərsə də Sovetlər örnəyi başda olmaqla sosializmin bütün praktiki nümunələrinin istifadə etdiyidir. Bir şəxsin çalışaraq qanunlar çərçivəsində istər yüksək, istər aşağı formada əldə etdiyi gəliri onun özünə aiddir. Yəqin bu məsələni ağlı başında heç bir sosialist mübahisə mövzusuna çevirmək istəməz. Bir şəxs həm də övladlarını özünə aid hiss edir. Belə olduğu təqdirdə onun övladları üçün qanuni şəkildə hansısa üstünlükləri miras qoyması, heç bir digər şəxsi maraqlandırmamalı olan məsələdir. Çünki bunu yalnız varlılar etmir, hər kəs edir. Yəni, insanın öz ailə üzvünə hansısa hədiyyəni, mirası qoymasına qarışmaq və bunu müccərəd bir subyekt olan “toplum” anlayışına qurban vermək ədalətsizlikdir, bununla yanaşı da insan azadlığının və ləyaqətinin alçaldılmasıdır. Çünki bu fərdin şəxsi əmtəəsi və əmlakı üzərindəki qərarvermə azadlığıdır. İkincisi, mövzunun fəlsəfi-etik tərəfini bir kənara qoyub praktik tərəfinə baxanda məsələ daha da aydınlaşır. Miras gəlirlərini əldə edən şəxs pulu banka qoyur, bank isə ona illik hansısa miqdarda faiz verir. Buradakı faiz sosialistlərin və dindarların ortaq və bəsit poetik təfəkkürləri ilə anladıqları kimi oturduğun yerdən pul qazanma, yaxud haram deyildir. Şəxsin banka qoyduğu pulun məbləği nə qədər yüksəkdirsə, o qədər çox formada iqtisadiyyatın hərəkətliliyinə töhfə vermiş olur, həm qoyulan depozitlər müxtəlif yollarla ölkə iqtisadiyyatında investisiyalara, xərcləmələrə çevrilir ki, nəticədə məhz heç onunla eyni şəhərdə yaşamayan digər vətəndaş belə iqtisadiyyatın hərəkətliliyindən(iş yerləri, əyləncə mərkəzləri, yeni texnoloji startapların maliyyələşdirilməsi, daha ucuz kreditlərin əldə edilməsi və s) müxtəlif səpkilərdə faydalanır. Üstəgəl, həmin şəxsə verilən faiz dərəcəsi də kimsənin cibindən çıxan yox, bankın həmin depoziti dövriyyə etdirərək əldə etdiyi əlavə dəyərdən ayırdığı “təşəkkür” miqdarıdır. Şəxsin özü də, həmçinin bank öz dövriyyələrində də, depozit saxlamasında da dövlətə vergilər verir. Bu da dolayılılıq bir yana, demokratik siyasi idaəretməyə malik dövlətdə büdcənin artımı nəticəsində kasıb təbəqələrin, yaxud ümumilikdə səhiyyənin, təhsilin pulsuz olmasında ciddi dəstək rolu oynayır. Yəni, biz həm azadlığı qorumuş, həm də ədaləti təmin etmiş oluruq. Bir şəxsin illərlə çalışdığı mülkiyyəti üzərinə onun iradəsinə əks əl qoymaq, hətta öldükdən sonra belə heç bir ədalətin təmini deyil, amma azadlığın da, ədalətsizliyin də, istismarın da, hüquqsuzluğunda başlanğıcıdır. Mücərrəd çoxluğa nəzərən qeyri-mücərrəd subyekt olan fərdin əleyhinə qərarlar qəbul etmək həqiqətin çarpıdılması, SSRİ daxil tipik avtoritar, totalitar ölkələrdə olduğu kimi manipulyasiyalar, saxtakarlıqlar vasitəsi ilə insanların istismarına, zorakılığına yol açmaqdır. Biz cəmiyyət miqyasında insanları hansı ərdəmli işləri (bank hesabındakı milyonları yoxsullar arasında bölüşdürmək, yardımlar etmək) görmələrinə məcbur edə bilmərik, etsək də ədalətsiz və qeyri-azad korrupsiyalaşmış, monstrlaşmış dövlət idarəetməsindən başqa bir şey əldə etmərik, ancaq burası dəqiqdir ki, biz insanlara qarşı nələrin edilməməsini deyə bilərik, bu isə onlara liberal-demokratik fəlsəfə əsasında dizayn edilmiş konstitutsiyanın icazə verdiyindən artıq müdaxilə etməməli olduğumuzdur. İnsanların ərdəmli olmasını istəyiriksə, dövlət olaraq bizim əlimizdə təhsil kimi bir alət var. İnsan sosial varlıqdır və onun sosiuma faydalı şəxs kimi yetişməsi, yontulması məhz təhsilin vasitəsi ilə olur. Rəqəm əzbərləmək, kimya fizika bilmək faydalı olsa da, fərd, şəxsiyyət yetişdirmək üçün kifayət deyil. Etik-fəlsəfə başda olmaqla fəlsəfənin olmadığı təhsil proqramları faydalı, əxlaqlı insan yetişdirə bilməz. Təsəvvür edin etik fəlsəfənin də daxil olduğu təhsil proqramı ilə böyüyən, həmçinin siyasi idarəetmənin də Sovetlər, Azərbaycan daxil bütün post-sovetlər və digər qeyri-demokratik ölkələrdə olduğu kimi yaltaqlanmağı, riyakarlığı, əyri yollarla pul qazanmağı, mütiliyi və digər neqativ şeyləri şərtləndirməyən sistemdə yetişən fərd, inanın ki, bank hesabında milyonlar da olsa özü könüllü olaraq daha çox insanlara yardım edəcək, sərvət düşkünü olmayacaq.

Kapitalizmin təhsil məsələsində tənqidi:

Bu tənqidlər bu kitabda edilən yeganə əsaslı arqumentasiyaların önə sürüldüyü tənqidlərdir. Burada tənqidlər ABŞ örnəyi əsas gətirilərək edilir. Tənqidin əsas tezisi bundan ibarətdir ki, təhsilin bahalı olması hər kəsin bərabər şanslarda təhsil ala bilməsinə imkan vermir. Nəticədə çoxsaylı potensiallı gəncləri itiririk. Əlbəttə ki, təhsilin nisbi pulsuz olması çox önəmli məsələdir. Biz hansı şəxslərin iqtisadiyyata, ölkəyə və ən əsası, dünyanın inkişafına hansı töhfəni verəcəyini bilmirik. Təhsil zənginliyin davamı kimi yox, zənginliyin öncəsi prinsipi ilə olmalıdır. Yəni hər kəsin təhsil almasına şərait yaratmaq lazımdır. Təhsil həm də iqtisadiyyatın diliylə desək Public Good məhsullardan biridir ki, nə qədər çox insan təhsillənirsə, o qədər də cəmiyyətin ümumilikdə faydasına gətirib çıxarır. Burada isə sosialistlərin ritorikalarının əsasını təşkil edən hansısa mücərrəd faydadan yox, ölçüləbilən faydadan söhbət gedir. Təhsilsiz fərdlərin daha çox cinayətə, zorakılığa, dini fanatizmə və ideoloji identifikasiyasından asılı olmayaraq radikalizmə sürüklənməsi danılmaz gerçəklikdir. Yuxarıda qeyd etdiyim proqressiv təhsil siyasəti bir fərdi digər fərdin zorakılığından, neqativ insan təbiətindən, vəhşiliyindən mümkün qədər qoruduğu üşün faydalıdır. Həmçinin liberal-demokratik sistemin daha effektiv işləməsi, qeyri-demokratik manipulyativ populistlərin, avtoritarların əlinə düşməməsi üçün təhsilli seçicilərin olması mütləq şərtdir. Təhsilli şəxslər liberal-demokratiyanın, rasional seçimlərlə daha yaxşı siyasi mühitin yaradılması, namizədlərin, partiyaların seçilməsi, partiyaların da tələb təklif əyrisinə müvafiq olaraq daha rasional, elmi-emprik məntiqə uyğun proqramlar, vədlər hazırlaması üçün vacibdir. Önəmli qeyd: Təhsilləndirmə heç də sosialistlərin təhsilləndirmə, tərbiyələndirmə anlayışları ilə eyni dyeil. Lakin bu maariflənmə məsələsi əsla totalitarizmi quran sosialistlərin təhsil inqilabları kimi olmamalıdır. Yəni ən bəsit örnəklə desək, kommunist-sosialistlərin etdiyi kimi, hansısa vahid ideologiyanın təbliğini etməyəcəksən, yaxud Qulaqlarda, Çinin reabilitasiya düşərgələrindəki kimi, insanları fərqli düşündüyü üçün, siyasi düşüncə müstəvisində opponent olduğu üçün zorakılıqla beyinyuma, işgəncə proseslərinə məruz qoymayacaqsan. Məsələn: dinlər qadağandır, ateizm-materalizm tədrisi olmalıdır, xeyr ! Sən “Dinlər tarixi” dərsini keçəcəksən, uşaq özü anlayacaq ki, dini anlayışlar nədir, hardan gəlir, necə formalaşıb. Sən deməyəcəksən ki, hər kəs kitab oxumalıdır, oxumayan cəzalanacaq, yaxud gülləniləcək və ən əsası filan kitabı oxuyacaqsınız filanların yox, sən kitab oxumağa insanları təşviq proqramları hazırlayacaqsan, təhsili hər kəs üçün əlçatan və keyfiyyətli edəcəksən. Təməl iqtisadiyyat anlayışlarının tədrisini həm məktəblərdə yuxarı siniflərdə, həm universitetlərdə əsas edəcəksən. Bu həm populist solçuların(bazara hesabsız-kitabsız pul axıdanların), həm də əllərində güc olanların seçki zamanı Ərdoğan kimi minimum əmək haqqı və digər sosial ödənişləri ölçüsüz şəkildə artıranların, həm də qanunsuzca dövlət resurslarından istifadə edərək iqtisadiyyatı daha da dağıdaraq insanları pulla ələ almalarını, hipnoz edərək rüşvətlə səs almalarını önləyəcəksən.[27] Yaxud da minimum əmək haqqı üzərindən kütləyə xoş gələcək ölçüsüz-biçisiz populist vədlər verənlərin də manipulyasiyalarına sosial problemli böyük çoxluğun məruz qalmalarının önünü alacaqsan.[28] Qısaca, təhsil məsələsində dövlət məktəblərinin olması, effektiv təhsil verməsi əsasdır. Bununla yanaşı universitetlər üçün indi olduğu kimi pulsuz yerlərin ayrılması da iqtisadi anlamda ağlabatandır. Lakin, qəbul məsələləri daxil ümumi təhsil konsepsiyası əzbərçilik üzərindən deyil, analitik təfəkkürün inkişafı, fərdi yaradıcı düşüncənin prioritetə alınması əsasında tərtib edilməlidir ki, biz Sovet ənənəsindən gələn əzbərçi işçi robotlar ordusu deyil, düşünə bilən şəxslər yetişdirək. Bizə sorğulamağı bacaran şəxs lazımdır, yalnız verilən direktivi həyata keçirməyi bacaran “yaxşı” bürokratlar deyil. Buradakı dini, irqi diskriminasiyaları isə kapitalizmə bağlamaq ədalətsizlikdir. İrqçilik, etnik fanatizm kimi məsələlər sosiologiyanın və psixologiyanın araşdıracağı sahədir və bunun yolu kapitalizm, sosializm üzərindən fikir yürütmək deyil, təhsilləndirilmiş insanların varlığının cəmiyyətdə artmasıdır. İrqçilik, radikal millətçilik fanatizmdən, narsisizmdən irəli gəlir ki, bunlar isə qeyd etdiyim sahələrin araşdırma predmetidir. Bugünkü ABŞ-da irqçilik institusional deyil, amma 50-ci illərdə vəziyyət başqa idi. Yenə də, bu gün hələ də ABŞ “vəhşi kapitalizm”in vətəni olmaqdadır.

Amerikanın konstitusiyası haqqında deyilənlər isə doğru ola bilər, amma burada bir şey unudulur. Bu gün belə sosialistlər bu arqumenti istifadə etsələr də, ya bilməyərəkdən, ya qəsdən unudurlar ki, elə bu kitabın yazıldığı dövrdən bu yana Amerikada siyasi və hüquqi qərarlar, qanunlar, yanaşmalar dinamik formada proqress etməkdədir. İlkin başlanğıcda olan sinfi, diskriminativ yanaşmalar indi yoxdur. Məsələn, səsvermə üzərindəki əmlak senzi kimi. Bu senzura anlayışı bu gün normal təfəkkürlü bir amerikalı siyasətçiyə absurd və ədalətsiz görünməkdədir. Qısaca, sosialistlərin ABŞ başda olmaqla kapitalist azad bazar əsaslı iqtisadiyyata malik olan ölkələrin azadlıqlarını tənqid etməsi, ədalətsiz olmasıyla yanaşı həm də riyakarlıqdır, gülüncdür. Həm bu kitabın müəllifinin, həm də günümüzdə də var olan bir çox solçuların Sovet sisteminə rəğbəti fonunda ABŞ imperializmindən danışması, Qulaq-ın, NKVD-KQB kimi qeyri-əxlaqi qurumların vətəndaş üzərindəki amansız qaniçənliyini görməzdən gəlmələri, əks-inqilabçı, vətən xaini, xalq düşməni kimi manipulyativ mücərrəd saxta ittihamlarla milyonlarla insanı öldürmələrini hansısa mifik “ali məqsəd” adı altında legitimləşdirmələri riyakarlığın son həddidir. Təkcə 1919-1933-cü illər arasında Dequlaqizasiya (Dekulakization) prosesində 5 milyona qədər[29] və ümumilikdə 1930-1960-cı illər arası Qulaq repressiya düşərgəsində 2.5 milyona qədər[30] insan öldürülmüşdür. Bu elə bir rəqəmdir ki, minimal vicdana və rasional düşüncəyə malik olan heç bir şəxsin “sinfi təmizləmə” ayinlərini dini təfəkkürə xas mücərrəd “ali məqsəd” adı altında legitimləşdirməsi, haqq qazandırması mümkün deyildir. Sovet imperiyasında hansısa söz azadlığından söhbət belə gedə bilməzdi. Bunu göstərən ən başlıca örnəklərdən biri dövlət kanalından başqa heç bir kanalın olmaması, qəzet və jurnallar üzərində politbüronun xüsusi nəzarəti olması, insanların Lenin-Stalin ideyalarına sadiqliyi ilə işə götürülməsi, sınağa çəkilməsi, bütün ictimai vasitələrlə (qəzet jurnal tv, kino, tədbirlər), kəndlilərlə siyasi maarifləndirici söhbətlərdə ali rəhbərin tərif edilməsi, ikonikləşdirilməsi, heç bir siyasi-sosial mövzularda elm adamlarının belə tənqid edə bilməməsi olmuşdur. Bəli Sovetlərdə hansısa formada tənqid vardır, amma bu tənqid ali rəhbərə deyil, əksinə xırda məmurlara yönəldilirdi və “günah keçisi” prinsipi ilə rəhbər təmiz saxlanılırdı. Müqəddəsləşdirilən rəhbər anlayışının özü elə çox şeydən xəbər verirdi. Üstəlik, işin ən diqqət cəlb edən tərəfi budur ki, bu sadəcə Sovetlərdə olmadı, həmçinin sosialist olan Çin, Şimali Koreya və Kuba da eyni totalitarizm xəstəliyindən əziyyət çəkdi. Düzdür, bir sıra sosialistlər də var ki, Sovetlər daxil adı çəkilənləri sosializm ideyasını başa düşməyən, istismar edən ölkələr kimi tanıyırlar. Amma bu “əsl İslam deyil” söhbətləri ilə analoji hal təşkil etdiyi üçün çox da ciddiyə alınası məsələ deyil, çünki iqtisadiyyatın bir əldə cəmləşdirilməsi, maraq qruplarını sıradan çıxararaq hər şeyi təmərküzləşdirmə nəticədə bu cür totalitar sistemlərin yaranmasına rəvac verir. Kapitalizm və azad bazarda maraqlar toqquşduğundan məqalənin yuxarı bölümlərində qeyd etdiyim kimi, siravi vətəndaşlar üçün də öz mənafeləri istiqamətində manevr etmək imkanları yaranmış olur, bu da öz növbəsində azadlığın təminatçısına çevrilir. Təbii ki, biz sosialist poetik təfəkkürə xas olan populist ritorika ilə ideal azadlıq vəziyyətindən danışmırıq, amma liberal bazar sistemi təbiətindəki dinamik inkişafından irəli gələrək mümkün qədər azadlıq imkanını bəxş etmiş olur. Dinamik inkişaf isə irəli dövrlərdə azadlıq arealının daha da genişlənməsinə rəvac verir. Bunu isə ABŞ örnəyində 10, 20 illik dəyişikliklərə baxıldığında görə bilirik.

Ədalətli vergi sistemi:

Kapitalizmin ən çox tənqid edilən tərəflərindən biri yoxsul, kasıb insanların bu sistemdə daha çox olması iddiasıdır, yaxud onların köməksiz qalması məsələsidir. Buna görə də sosialistlər proqressiv vergi siyasəti ilə bu sosial disbalansı, “ədalətsizliyi” düzəldə biləcəklərini düşünürlər. Belə ki, bu kitabda da qeyd edilən və ümumilikdə ən məşhur emosional arqumentlərdən biri budur ki, kapitalist iqtisadiyyatın hakim olduğu ölkədə toplumun 3-5 faizi gəlirin 90% və daha yuxarısını əlində saxlayarkən, yerdə qalan hissə ümumi gəlirdən geriyə qalan on faizlik hissə üçün rəqabətli, əziyyətli və acınacaqlı bir həyat yaşamaqdadırlar. Öncəliklə burada uzun-uzadı izah etməsəm də qısa olaraq bir daha nəzərənizə çatdırım ki, daha yuxarı bölümlərdə qeyd etdiyim kimi, sosialistlərin ən böyük travmatik və qərəzli tərəfi iqtisadiyyatda radikal və qəti sinif bölgüsünü, tətbiq etməsidir. Yanaşma özlüyündə toksik, düşmənçi yanaşmadır. Bu məsələlərə yanaşmamızın metodik tərəfi var olan iqtisadi maraq qrupları arasında maksimum dərəcədə ən mümkün uzlaşmanı əldə etmək olmalıdır, əksinə olaraq bir maraq qrupunun hegemoniyasını qurmaq yox. Bu, ən təməldə totalitarizmə, diktaturaya aparan yoldur. Maraq qruplarının çoxçeşidliliyi və rənagərəngliyi həm demokratik sosial-siyasi münasibətlərin, həm də rəqabətli və ədalətli manevr imkanlı və proqressə əsaslanan iqtisadi münasibətlərin qurulmasında yardımçı olacaqdır. İndi isə əsas sual: uzlaşma necə əldə edilə bilər və dövlət bu uzlaşma prosesinə hansı töhfəni verə bilər? Təbii ki, məqsədimiz solun maksimalist qərəzli utopiyası ilə yanaşı, sağın da (libertarianizm) maksimalist, eqoistik utopiyasının tələsinə düşmədən qızıl ortanı, yaxud yumşaq konsensus yolunu tapmaq olmalıdır. Təbii ki, qərəzlilik motivlərini, həqiqəti çarpıtmaq üçün mübaliğələrdən istifadə etməsini kənara qoysaq belə, məlumumuzdur ki, hətta yüksək inkişaf hədlərinə sahib olan kapitalistik iqtisadiyyatlı ölkələrdə də yoxsul, aşağı təbəqəli insanlar vardır. (Burada haşiyə çıxaraq bildirmək istərdim ki, yüksək iqtisadi rifaha malik həmin ölkələrdəki kasıblıq dərəcələndirməsi ilə aşağı iqtisadiyyatlı ölkələrin kasıblıq dərəcələndirməsi eyni deyil. Yəni bəsit və kobud ifadə etsək, varlı ölkələrin kasıb sayılan əhalisi kasıb ölkələrin kasıb əhalisindən daha varlıdır.) Biz sosial ədaləti qorumaq üçün elə bir vergiləndirmə sistemi tətbiq etməliyik ki, proqressiv vergi sistemində olduğu kimi, zatən ölkə iqtisadiyyatına daha çox fayda verən, ümumilikdə bəşəriyyət üçün də faydalı olan şirkətləri daha çox qazandığı üçün son nəticədə cəzalandırmalı deyilik, amma həm də siyasi idarəetmə baxımından bütün demokratik və hesabatlı liberal dövlət modelini qurmağımıza, iqtisadiyyatımızın ümumi inkişaf səviyyəsini yüksək hədlərə çatdırmağımıza baxmayaraq hələ də kasıb və yoxsul olan çox az bir təbəqəyə dəstək olmaq üçün vergilərdən azad etməliyik. İqtisadiyyatçılar rasional-emprik əsaslar vasitəsilə vergiləndirmədən azad olmaq üçün minimum hədd müəyyən etməlidirlər. Sual edə bilərsiniz ki, bəs bu özlüyündə ədaləti pozmayacaqmı, yaxud proqressiv verginin yaratdığı imkanları əvəzləyə biləcəkmi ? Proqressiv vergi iqtisadiyyata pozitiv müdaxilədirsə, nisbi olaraq qeyd edə bilərik ki, müəyyən hədd limitində gəlirləri olan təbəqədən vergilərin alınmaması neqativ müdaxilədir. Yəni, bir şey üzərinə birbaşa müdaxilə edərək onun necə davranmasını diqtə etmirsən, amma həm də neqativ müdaxilədə bulunaraq necə davranılmaması sərhədlərini çizirsən. Məsələn, siz bir şəxsin digər şəxsə yaxşılıq etməyini doktrinləşdirə, qanuna çevirə bilməzsiniz, amma bir şəxsin digər şəxsə pislik etməmək sərhədini müəyyən edə bilərsiniz. Bir şəxsə orqan (məsələn, həmçinin sizin də yaşamağınıza imkan verəcək orqan paylaşılması: böyrəklərdən biri, qaraciyər bir hissəsi) bağışlamaq yaxşılıqdır, amma totalitar təfəkkürün əksinə heç bir liberal düşüncə əsasında formalaşan qanunlar toplusu sizi buna vadar edə bilməz. Lakin, həmin liberal düşüncə məktəbləri açıq və sərt şəkildə digər şəxsin həyatını əlindən almanızı, zərər vurmanzı sərhədləyə bilər. Yəni, siz digər şəxsə həyat bəxş etməkdə mükəlləf deyilsiniz, amma digər şəxsin həyatını almamalı olduğunuzda mükəlləfsiniz. Burda da əsas etik yanaşma analoji fəlsəfi əsasdan irəli gəlir. Siz bir şirkət sahibini yoxsul təbəqəyə yardım etməsinə zorlaya bilməzsiniz, ancaq dövlət olaraq zatən çox da təqdirə layiq olmayan bir şeydən – vergidən azad edə bilərsiniz. Yəni, müdaxilə etmirsiniz, müdaxilə etməməyi seçirsiniz. Dövlət olaraq siz onsuz da kollektiv əsasa söykənən subyektsiniz, yəni sistemin mahiyyəti etibarı ilə yanaşmaları kollektivçilik üzərinədir. Siz vergi alırsınız, çünki var olan toplumu hüquqi və cangüdənlik anlamında qoruyan və sərhədləri ictimai müqavilə(konstitutsiya) ilə müəyyən edilən legitim zorakılıq aparatısınız, elə isə sizin azlıq təşkil edən yoxsul təbəqədən müəyyən müddətə vergi almamağınız sizin kollektiv birlik olaraq öz qoruma qazancınızda güzəştə getməyinizə səbəb olur. Bu da əslində, kollektivçilik adına fədakarlıq ritorikası ilə natiqlik edən dövlət qurumu və siyasi elitası üçün əslində ən ərdəmli və səmimilik dərəcəsinin test edildiyi məqamdır. Yəni, yoxsulların dərdinə “yanaraq” dövləti hegemonlaşdıran və onu hər şeyi əlində tutan əjdahaya çevirən konsepsiya yerinə, yoxsulların xeyrinə güzəştə gedən minimal dövlət konsepsiyasını qoymaqdır. Şirkət sahibləri, varlı təbəqələr və yoxsulların müdafiəsində duraraq kollektiv maraqların müdafiəçisi olduğunu iddia edən dövlət burada çox da etiraz etməməlidir, çünki onsuz da yoxsul təbəqələrin qorunacaq nəyi var ki, dövlət qurumları onu qorumaq üçün xüsusi enerji sərf eləsin, əllərində olan sadəcə bir candır ki, digər şəxsin öldürməsindən qorunacaq, o da nadir hallarda olan bir məsələdir. Lakin digər yuxarı təbəqənin əlində investisiyalar, bank hesabları, şirkətlər var. Yəni, əgər bir müharibə olarsa, iqtisadiyyatın xərc-dəyər (cost-benefit) analizindən baxarsaq, yoxsul şəxsdən daha çox itirəcək şeyləri vardır. Üstəgəl, yoxsul təbəqənin iş həyatına təşviqi onu bir əməkçi olaraq öz peşə bacarıqlarını artırması formasında onsuz da işverənlər üçün də, ölkə iqtisadiyyatı üçün də fiziki varlıq olaraq gərəkli yerə qoyur. Yəni, onların sürgün edilməsi, aclıqdan öldürülməsi yox, sağ olaraq işləməsi həm dövlətə, həm sahibkarlara faydalıdır. Sadəcə burada ədalətlilik və sui-istifadə hallarından qorunmaq üçün önəmli olan bir məsələ müvəqqəti vergidən azad edilən şəxslərin sosial nəzarət altında olmasıdır. Yəni, gəlirlərinin, yaşayış səviyyəsinin izlənməsi lazımdır. Bəli, bu sizə sosialist-totalitar bir nəzarəti xatırlada bilər, amma nə edək ki, zatən bu, yazının da ana tezisi olan – sosializmin totalitarizmə sürükləməsini təsdiq etmiş olur. Amma, bütünlükdə iqtisadiyyatı bir əldə təmərküzləşdirmək və ölkə miqyasında mütləq totalitar nəzarəti qurmaq yerinə məhdud bir çərçivədə tətbiq edilən sosial dəstəkdən doğacaq potensial sui-istifadələrin, ədalətsizliklərin önünü almaq üçün həmin dəstəyi alanlar üzərində iqtisadi kontekstdə məhdud nəzarəti təmin etməkdir.

Nəticə:

Yazını ana tezislərin xülasəsi və ümumilikdə şərh edilməsi ilə yekunlaşdırmaq istəyirəm. Yazdığım bütün əks tənqidi fikirləri toplayaraq aşağıdakıları qeyd edə bilərəm:

Sosializm patoloji iqtisadi problemlərin nəticəsində ortaya çıxan bir düşüncə toplusu olduğundan özlüyündə sağlam və rasional bir seçim deyil. Əksinə travmatik qaynaqlı olduğundan emosional təbiətə malikdir. Bu nə deməkdir ? Bu o deməkdir ki, nə zaman ki, bir ölkədə siyasi azadlıqlar yoxdur, bütün fundamental demokratik təsisatlar böhran içindədir, belə bir yerdə dəqiqdir ki, səraməyələrin ədalətli bölüşdürülməsindən söz gedə bilməz. Belə bir sistem heç bir halda liberalizmin önə sürdüyü azad bazar sistemi ilə eyniləşdirilə bilməz və eyniləşdiriləməyəcəyi üçün də despotik ölkələrin monopoliyalaşmış, bir qrupun diqtə etdiyi, faydalandığı “modern feodal” bazar sisteminin problemləri liberal bazar üçün tənqidi referenslar ola bilməz. Sərmayələrin bir qrupun əlində cəmləşdiyi, ictimai mülkiyyət sayacağımız (bunun bəzi liberallara görə özəl mülkiyyətdə olması gərəksə də mən sağlam demokratiyalarda təbii sərvətlərin ictimailəşdirilməsinin tərəfdarıyam, bu onlar vasitəsi ilə dövlətin bəzi sahələrdəki sol proqramları həyata keçirməyə yardım edə bilər. Həmçinin bəzi sahələrdə ilkin təşəbbüskarlığın göstərilməsi, bazara hansısa məqamlarda məhdud amma zəruri dəstək verilməsi kimi hallara imkan yarada bilər. Amma təbii ki, kiminsə şəxsi torpağından çıxarsa təbii sərvət onun özünə aiddir və o sərvətin bazar qiymətləndirilməsinə görə dövlətə sata bilməlidir. Yaxud satmamaq kimi də bir azadlığı olmalıdır. Ancaq çaylar, meşələr, dəniz və bu kimi ictimai mülkiyyətlər üzərindən əldə edilən təbii sərvətlər və qazanclar ümumilikdə dövlət büdcəsinə və oradan da müxtəlif formada ictimai xərcləmələrə çevrilməlidir. Bu həm də pulsuz təhsil, səhiyyə kimi bəzi zəruri sahələrin bazarda pulsuz yaxud nisbi pulsuz versiyalarının olmasına, bütün azad bazar və demokratik idarəetmənin üstünlüklərinə baxmayaraq yenə də az təminatlı olaraq qalan şəxslərə “rasional əsaslandırılmış strategiyaya və miqdara uyğun” sosial yardımların edilməsinə imkan verməlidir.

Bu baxımdan da sosialist düşüncələrin (bütün sol ideologiyalar) çox yaxşı vədlər paketi olmasına rəğmən praktiki müstəvidə iqtisadi anlamda uğursuz və zərərli tərəfləri vardır.

Çünki iqtisadi münasibətlər yalnız təbii, avtonom halında effektiv işləmək ixtiyarındadır. Ümumilikdə isə iqtisadiyyata istər dövlətin, istər hansısa kartellərin ciddi müdaxilələri həm iqtisadi, həm siyasi azadlığı ortadan qaldırır.

Siyasi müstəvidə liberalların, iqtisadi müstəvidə kapitalistlərin etməsi lazım gələn isə liberal-kapitalist sistemi cilalamaq, qarşı tərəflərin (sol qrupların) şikayətləri istiqamətində liberal bazar sisteminin fundamentinə və ən əsas prinsiplərinə zərər vermədən reformativ addımlar atmaq olmalıdır ki, haqqında əksərimizin də məlumatlı olduğu Türkiyə örnəyində olduğu kimi yoxsulluq və kasıblığın artması toplumda sağlam olmayan sol düşüncələrin (təhqir anlamında deyil, dramatik durumlar, travmatik motivlər fonunda formalaşdığı üçün) çoxalmasına, nəticədə isə həqiqi təbii və rasional olan azad bazar sisteminin məhvinə, marjinallaşmasına səbəb olmasın. İstər Nasizm, istər Sovet sosialist inqilabı travmatikləşmiş siyasi mühitdə baş vermiş hadisələrdir. Bu gün Türkiyədə bir seçici minimum əmək haqqı barəsində ölçüsüz-biçisiz ən yüksək rəqəm vədlərini verən siyasətçilərə aldanırsa, demək ki, burda seçicilərin siyasi davranışlarını rasional analiz yox, travmaları, yoxsul durumları yəni emosiyaları yönləndirir, bu da daha ciddi uçurumlara yol açır. Liberalların da bunu nəzərə alaraq dövrlər dəyişdikcə kapitalizmin irəli çıxan neqativ yan təsirlərini düzəltmələri, əsas da azad bazarın mövcudluğundan daha çox qazanc əldə edən, faydalanan iri sahibkarların sosial problemlərlə bağlı daha duyarlı olmaları vacibdir ki, iqtsiadi böhranın yetişdirdiyi qeyri-sağlam iqtisadi kültürü mənimsəyən kütlələrin liberal bazar sistemini yıxmalarının önünü alsın. Yəni, dilemma bundan ibarətdir, qısa dönəmdə maksimum qazanc, ya nisbətən az qazanc amma uzun dönəmdə. Liberal-demokratik siyasi sistemin və azad bazarın olduğu bir ölkədə şübhəsizdir ki, sahibkarlar qazanclarını itirməmək və artırmaq üçün daimi tətikdə olmalıdırlar, bu da onların iqtisadi ağıllarının inkişaf etməsinə və prediktiv olmalarına şərait yaradır ki, bu da özlüyündə liberal bazar sisteminin üzələşəcəyi mümkün problemlərə qarşı öncədən daha hazırlıqlı olmalarına imkan yaradır. Ümumən, heç bir maksimal ideologiya və ən əsas da travmatik böhran dönəmlərinin irəli çıxardığı ideologiyalar siyasi yanaşmalar güvənilir ola bilməz çünki sağlam rasional əsasa indeksli deyil. Bu baxımdan da 1800-lərin formalaşmamış ibtidai kapitalizminin travmatik xaosundan doğan maksizim və sosializm heç bir halda günümüz dünyasına istinad nöqəsi ola bilməz. Amma bununla yanaşı ümumilikdə sosialist mütəfəkkirlərin, fikirlərin varlığı həm də mütləqdir ki, kapitalizm öz antipodu ilə daimi cilalanaraq daha sağlam, hərtərəfli və dinamik inkişaf etsin. Bu da bir növ demokratik prinsiplərə uyğundur, həm də həyatın, kainatın mövcudluq qanunlarına. Haradakı dialektika var, mənfi-müsbət antipod var, orada dinamik inkişaf mümkündür. Sosializm başlı-başına cənnəti vəd edərkən cəhənnəmi bəxş edən bir sistem olsa da, kapitalizmin proqressivliyi üçün həm də yol göstərici bir mayak olaraq mütləq lazımdır. O, baxdığımızda hər şeyi şişirdilmiş göstərən güzgüdür, biz onun nə olduğu gerçəkliyini unutmadan, onun bu mübaliğəli əks etdirməsi vasitəsiylə üzümüzdə incə toxunuşlarıedə bilmək şansını qazandığımızdan daha gözəl simaya sahib ola bilərik.

İstinadlar:

[1] Treaty on the Functioning of the European Union (TFEU): EUR-Lex

[2] UK Government's Legislation Website: Competition Act 1998

[3] Government of Canada's Justice Laws Website: Competition Act

[4] Antimonopoly Act (Act No. 54 of 1947): JFTC

[5] Competition and Consumer Act 2010: Legislation

[6] Federal Cartel Office (Bundeskartellamt): Competition Law

[7] https://www.aljazeera.com/news/2024/4/14/iran-attacks-israel-with-over-300-drones-missiles-what-you-need-to-know

[8] Y.N. Harari – Homo-sapiens: Bəşəriyyətin qısa tarixi

[9] Gorbunova, Viktoriia; Klymchuk, Vitalii (2020). "The Psychological Consequences of the Holodomor in Ukraine". East/West: Journal of Ukrainian Studies. 7 (2): 33–68, Kravchenko, Ye (1 July 2020). "The Concept of Demographic Losses in the Holodomor Studies", Mendel, Iuliia (24 November 2018). "85 Years Later, Ukraine Marks Famine That Killed Millions"

[10] https://www.nature.com/articles/s41599-020-0417-4

[11] https://asia.nikkei.com/Business/Markets/China-s-favored-state-owned-companies-squeeze-private-sector

[12] https://www.investopedia.com/ask/answers/021015/how-many-multinational-corporations-operate-china.asp#:~:text=Examples%20include%20DJI%20Innovations%2C%20Haier,healthy%20and%20significant%20Chinese%20multinational.

[13] https://exchanges.state.gov/non-us/tag/china?field_audience_tid=29#:~:text=The%20Global%20Undergraduate%20Exchange%20Program,professional%20development%20and%20cultural%20enrichment.

[14] https://www.amazon.com/Why-Nations-Fail-Origins-Prosperity/dp/0307719227

[15] https://mises.org/mises-wire/why-scandinavia-isnt-exceptional

[16] https://digitalcommons.imsa.edu/cgi/viewcontent.cgi?article=1002&context=zeitgeist

[17] Andrew Heywood – Political Theory: An Introduction

[18] Frans De Waal – Our inner ape

[19] Frans de Waal – Our inner Ape

[20] Desmond Morris – Naked Ape

[21] Jared Diamond – Third Chimpanzee

[22]https://web.archive.org/web/20120623015743/http://findarticles.com/p/articles/mi_m1200/is_24_160/ai_81827792/

[23] Azadovskii, Konstantin; Egorov, Boris (Winter 2002). "From Anti-Westernism to Anti-Semitism". Journal of Cold War Studies. 4 (1). Cambridge, Massachusetts: MIT Press: 66–80.

[24] https://www.theguardian.com/books/2002/may/01/news.features11

[25] Karl Popper – Open Society and Its Enemies

[26] Frans De Waal – Our inner ape

[27] https://medyascope.tv/2022/10/11/13-maddede-erdoganin-secim-ekonomisi-hamleleri/

https://www.diken.com.tr/erdogan-konutta-oyle-bir-krize-dusurdu-ki-secim-oncesi-yuzyilin-projesine-sarildi/

[28] https://www.youtube.com/watch?v=oSJ8UmIJ5e0

[29] Pohl, J. Otto (1999). Ethnic Cleansing in the USSR, 1937–1949. Westport, CT: Greenwood Press. ISBN 978-0-313-30921-2. LCCN 98-046822 p. 46

Hildermeier, Manfred (2016). Die Sowjetunion 1917–1991. Walter de Gruyter GmbH & Co KG. p. 35.

[30] Getty, J. Arch; Rittersporn, Gábor; Zemskov, Viktor (1993). "Victims of the Soviet penal system in the pre-war years: a first approach on the basis of archival evidence" (PDF). American Historical Review. 98 (4): 1022. doi:10.2307/2166597. JSTOR 2166597

Nakonechnyi, Mikhail (2020). 'Factory of invalids': Mortality, disability and early release on medical grounds in GULAG, 1930–1955 (Thesis). University of Oxford.