Təbii olanın, təbii vəziyyətin neytrallığı, obyektivliyi.

8/15/20164 min read

Təbii olan neytaldır. Nə pisdir, nə də yaxşı. O sadəcə olmalı olandır. Zərurətdir. İnsanların dəyərləndirmələri sünidir, suni olduğundan dolayı da nisbidir və təbii vəziyyətin həqiqi dəyər meyarını əks etdirmir.Məsələn, nifrət nə pisdir, nə də yaxşı. Bəzi insanlar ona pis desələr də. Çünki o təbii vəziyyətin zərurətindən doğulan instinktiv dəyərdir. İnsanda var olan instinktiv nəsnələrin əxlaqi ölçüdə dəyərləndirilməsi yanlışdır.

Nifrətetmə duyğusu, müəyyən sosial proseslərin varlığı ilə təkamül nəticəsində yaranan duyğudur. Biz, nifrət edib etməməyi seçmirik, mövcud şəraitə uyğun olaraq ya nifrət edirik, ya da etmirik.

Dəyərləndirmələr ağıl ilə ağılın süni yaratdığı normativlər ilə aparılır. Ağılı yaşam instinki yaratsa da o bəzən bu instinkə zidd reaksiya verir sonda təbii vəziyyətə, yəni yaşam instinkinə tabe olsa da. Məsələn, həqiqətən pulu olmayan, yeməyə qidası olmayan, acından ölmək üzrə olan bir şəxs, hətta kimsəsiz, çarəsiz yaşlı bir şəxsi belə, qidasını əldə etmək üçün öldürə bilmək potensialına malikdir. Əlbəttə, bu zaman ağıl (buna vicdan da deyə bilərsiniz, amma ağıl demək daha düzgündür) bizə bunun doğru omadığını empati aktı sayəsində təlqin edəcək, ancaq sonuc olaraq biz, daha doğrusu bizim fundamentimiz olan yaşam instinki öz qərarını, fəaliyyətini həyata keçirəcəkdir. Bizə sadəcə sağ qalsaq da ağılın empati fəaliyyətindən geriyə qalan məyusluq, kədər hüzün olacaqdır.

Ümumiyyətlə, insanların bu gün qəbul edilən bütün insani dəyərləri (insan hüquqları, əxlaq, ədalət anlayışları və s) ağılın empati qurma bacarığı və yaşam instinki sayəsində olmuşdur. Bunu Politologiya elminin əsasən qəbul etdiyi dövlətin yaranmasını şərtlərindən “İctimai müqavilə” ilə oxşar götürmək olar müəyyən qisimdə.Yəni, əsas məsələ budur: “mən sənə, sən də mənə dəymə, təhlükə yaratma, qarşılıqlı anlaşma, konsensus”.

Yaşam instinki primitiv olaraq hər canlıda var, sadəcə situasiyaların zərurətlərindən və insanların ümumi müşahidələrindən doğaraq insanların primitiv yaşam instinki sağ qalmaq üçün daha münasib yollar axtarmaq məcburiyyətində qalmışdır ki, bu da ağılın dinamik olaraq inkişafını şərtləndirmişdir. Ancaq yuxarıda da qeyd etdiyim kimi yaşam instinki “sağ qalmaq məcburiyyəti” fəaliyyəti ağılın inkişafını şərtləndirsə də ağıl bəzi məqamlarda ona zidd olmağa başladı, bu da ağılın daha şaxəli inkişafına görə baş verdi.
Pislik özü-özlüyündə pislikdirmi ?

Biz, pis və yaxşı olaraq kateqoriyalandırmaları yaratdığımız süni əxlaq kodeksləri çərçivəsində müəyyən edirik. Bu özü-özlüyündə nisbidir və obyektiv dəyərləndirilmə sayıla bilməz, çünki obyektiv dəyərləndirmə yalnız “təbii vəziyyət və instinklər” çərçivəsində aparıla bilər.

Məsələn, siz əsrlikdəsiniz (günahlı ya günahsız fərq etməz) və özünüzü azad etmək, ölümdən qurtarmaq üçün əlinizə təsadüfən keçən partlayıcı ilə müəyyən bir obyekti, ərazini partlatmalısınız bu zaman bir çox düşmən öləcək və siz sağ qalaraq qaçacaqsınız. Ancaq həmdə bunun nəticəsində orda ölənlərin ailələri, uşaqları dərin hüzün keçirəcək. Bu onlara görə pislikdir, ancaq həqiqət isə budur ki, sizin addımınız təbii vəziyyətin zərurəti və yaşam instinkinin fəaliyyəti nəticəsində olmuşdur.

Bir növ yuxarıda nifrət məsələsində olduğu kimi, zərurətlər nifrət etmə prosesini yaratdığı kimi, sizin əsrlikdə olmanız da zəruri olaraq sizin müdafiə mexanizminizi işə saldı və siz təbii vəziyyət çərçivəsində hərəkət etdiniz. Bu hərəkətiniz isə nə yaxşıdır, nə pis, sadəcə olmalı olandır. Bu hərəkətinizdə sizin süni, yəni ağıl vasitəsiylə seçiminiz rol oynamadı, sadəcə təbii instinktiv qərarvermə qabiliyyəti özünü göstərdi.

Ancaq pislik seçim yəni süni vasitə ilə də həyata keçirilirsə, yəni təbii vəziyət istisna olmaqla məcburiyyət qarşısında deyil, seçim vasitəsi ilə edilirsə, bu öz-özlüyündə pislik sayıla bilər. Çünki bunu təyin edən ağıldır, ağıl isə özünün fəaliyyətlərini nizmalamaq üçün əxlaqi normativini hazırlamışdır. Belə ki, seçim ilə edilən pislik (məsələn ehtiyac olmadan bir insana öldürmək, oğurluq etmək və s) ilə əxlaqi normativlər eyni mahiyyətli, eyni başlanğıclıdır, yəni ikisi də ağıla bağlıdır, ağıl tərəfindən yaradılmışdır.

Bunun üçün onların bir-birini qarşılıqlı mühakimə etməsi qəbul olunandır, ancaq təbii vəziyyətin doğurduğu instinktiv pislik sırf instinklərə, tabe olduğundan, o təbii olmayan amma təbii olanın (instinkin) yaratdığı ağıl çərçivəsində mühakimə edilə bilməz.
Bütün fiziki qanunauyğunluqlar məntiqi əsasa malik olduğundan onları bizim məntiqimiz qəbul edə bilir. Məntiq rasionaldır və sübut, müşahidə və məntiqilik dərəcəsini tələb edir. Məsələn, yerin cazibə qanunu biz dərk edirik, çünki bu bizim məntiqimizə uyğundur və analiz edilərkən bütün təfərrüatı ilə biz onun məntiqi əsaslarını zəncirvari şəkildə dərk edə biləcəyik. Məntiqi əsası olmayan şeylər isə dərk edilməzdir, sadəcə onlara hissi, duyğusal olaraq inanma, qəbuletmə ola bilər.