Yumşaq və sərt tənqidetmənin fəlsəfi analizi
7/30/20162 min read


Yumşaq tənqid (Soft criticism) faydasızdır və o uzun illər kəsiyində belə, ciddi progressiv dəyişikliklər doğurmur.
Məsələn: yumşaq tənqidə misal olaraq komediyaları, yaxud satiraları nəzərdən keçirmək olar. Uzun illər axınında Molla Nəsirəddinçilərin (Azərbaycan yaradıcılıq tarixinin brendi) yumoristik-satirik tənqidləri ciddi dəyişikliklərə səbəb olmamışdır və olsaydı əgər, həmin o Molla Nəsirəddinin, Axundovun irsi külliyyatı yenə də faktiki olaraq aktual əsərlər və problematikalar fövqündə səciyyələndirilməzdi.
Bunun başlıca səbəbi insanlarımızın(bəlkə də bütün insanlığın) “gülərək düşünmək”, “düşünərək gülmək” bacarıqlarının paralel, dialektik şəkildə inkişaf etməməsidir.
Yumor ilə tənqid edərkən, tənqid edənin tənqidi aktı yerinə yetirməsi şəxsinə yönəlik olaraq təhlükəsizdir(onu daha az daşlayacaqlar, yaxud daşlamayacaqlar), ancaq tənqidin fəlsəfi prinsipiallıq nöqteyi-nəzərindən onun öz missiyasını yerinə yetirmək iqtidarsızlığı baş verəcəkdir.
Tənqidin fəlsəfi-prisnipiallığı tənqid olunan obyekti tənqid edilən cari realistik situasiyadan çıxaraq, arzu edilən idealistik (cari situativ duruma nəzərən) normaya çatdırmaqdır, qovuşdurmaqdır.
Sərt tənqid isə (Hard criticism) kəskin, düşünülmüş, adekvat, obyektiv və birbaşa surətdə obyektə tuşlandığından onun faydalılıq əmsalı “ tənqidetmənin fəlsəfi prinsipiallığı ” çərçivəsində daha üstündür. Belə ki, tənqid edənin proqressiv dəyişdirmə potensiallığı, tənqid edilənin isə proqressiv dəyişilmə ehtimalı yüksəkdir.
Bununla paralel olaraq sərt tənqid etmə metodologiyası tənqid edən subyektin özünə yönəlik təhlükə yaratmaq dilemmasını yaşatmaqdadır və bu əsasən bizim kimi konservativ, mühafizəkar cəmiyyətlərdə daha qabarıq formada təzahür etməkdədir. Bu səbəbdəndir ki, sərt tənqid meyli bizdə inkişaf etmədiyindən, cəmiyyətin tənqidi-inkişaf yolu ilə aliləşməsi də mümkün olmamışdır.
Məsələn: sərt, düzgün və əsaslı tənqidetmə prosesi, hətta tənqid edənin ölümünə səbəb ola bilər.Bu faktiki olaraq müşahidə edilən situasiyalardan biridir.